“21-in sirri” - mərhum rəssamın nəsil davamçılarının sərgisi

 

 

 

   Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “21-in sirri” adlı sərgi açılıb. Sərgi ARİ, Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İB-nin dəstəyi ilə mərhum rəssam, Əməkdar incəsənət xadimi Həsənağa Mustafayevin anadan olmasının 121-ci ildönümünə həsr edilib. Sərgidə rəssamın övladı, ARİ-nin üzvü Sevil Mustafayevanın və bu nəslin davamçısı 21 yaşlı rəssam Məryəm Əliyevanın ümumilikdə 100-ə yaxın əsəri nümayiş olunub.

   Tədbiri giriş sözü ilə ARİ-nin katibi Ağəli İbrahimov açaraq qonaqları salamlayıb və H.Mustafayevin gözəl insan, tanınmış qrafik rəssam və teatr dekoratoru kimi dəyərli əsərlərinin olduğunu bildirib.

   Layihənin rəhbəri Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərova çıxışlarında bu ailənin istedadlı davamçılarının olduğunu qeyd ediblər.

   Rəssamın qızı S.Mustafayeva sərginin onun həyatına unudulmayacaq hislər bəxş etdiyini vurğulayıb. Nəslin ən gənc nümayəndəsi 21 yaşlı Məryəm Əliyevanın rəngkarlıq və qrafika üslubunda çəkdiyi əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Qonaqlar və müəllimləri ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.13.