Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub

 

 

 

   Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Cövdət Hacıyevin ecazkar musiqisi dünyanın hər yerində sənət xiridarlarının qəlbini fəth edir. Bəstəkarın 100 illik yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub.

   Yubiley tədbirlərinin təşkilatçıları bildiriblər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fondu Cövdət Hacıyevin 100 illiyi ilə əlaqədar beynəlxalq müsabiqələrin keçirilməsinə hərtərəfli kömək və dəstək göstərib. Bəstəkarın əsərləri Fransa və İsveçrədə keçirilmiş müsabiqələrin əsas proqramına salınıb. Cövdət Hacıyevin fortepiano üçün balladasını ifa edən Aleksandr Kadmiel (Rumıniya) Fransa və İsveçrədə keçirilmiş Adilə Əliyeva adına pianoçuların 11-ci Beynəlxalq müsabiqəsinin xüsusi mükafatını - gənc istedadlar kateqoriyasında birinci mükafatı əldə edib. Azərbaycanı təmsil edən Cavid Yusifzadə “Finalçı diplomuna və Parisdə ödənişsiz təhsil üçün gənc təqaüdçülər kateqoriyasında xüsusi mükafata layiq görülüb. Müsabiqənin final konserti BMT-nin Cenevrə bölməsində Millətlər Sarayında keçirilib.

   Bəstəkarın qızı, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru Pərvin Muradova-Dilbazinin verdiyi məlumata görə, növbəti yubiley tədbiri sentyabrın 25-də Vyana Konservatoriyasında keçiriləcək. Təşkilatçılar bu mühüm yaradıcılıq tədbirini Cövdət Hacıyevin müəlliminə - dahi bəstəkar Dmitri Şostakoviçə həsr edəcəklər. Sənətşünaslıq doktoru, Avstriyada yaşayan həmvətənimiz, “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” kitabının müəllifi Fərəh Tahirova gecənin təqdimatını edəcək.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.2.