Aprel şəhidinə həsr edilmiş romanın təqdimatı olub

 

 

   İyulun 10-da Azərbaycanda Atatürk Mərkəzində yazıçı Gülnarə Sadiqin 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Fərman Əsədliyə həsr etdiyi “26 gün” romanının təqdimatı keçirilib.

   Tədbirdə torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda canlarından keçən qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı kitab barədə məlumat verərək bildirib ki, roman Aprel döyüşləri zamanı könüllü olaraq cəbhəyə getmiş mülki vətəndaş Fərman Əsədlidən bəhs edir.

   Kitabın redaktoru və “Ön sözün müəllifi Qəşəm Nəcəfzadə diqqətə çatdırıb ki, müəllif yeni hərb salnaməmizin şanlı səhifəsi olan Aprel döyüşlərinin tarixi əhəmiyyətini qeyd edərək, bu döyüşlərdə cəbhəyə atılan sadə insanların vətən sevgisini, ordu ilə həmrəy olmasını önə çəkir: “Aprel döyüşləri xalqda elə bir ruh yaratmışdı ki, sadə insanlar da cəbhəyə getmək üçün can atırdı. Fərman Əsədli belə bir düşüncənin sahibi idi. O, əsgərlərə köməyə gedir, əlindən gələni əsirgəmir, sonda şəhid olur. Müəllif Fərman surəti ilə xalqın öz torpaqlarını azad etmək duyğusunu böyük ustalıqla verib”.

   Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, tənqidçi Əsəd Cahangir, kitabın korrektoru İltifat Hacıxanoğlu və başqaları Aprel döyüşlərində şəhid olan vətən oğullarının qəhrəmanlığından söhbət açıblar.

   Kitabın müəllifi Gülnarə Sadiq ailəsi ilə tanış olandan sonra Fərman Əsədlinin ona fərqli təsir bağışladığını və onun haqqında əsər yazmaq qərarına gəldiyini söyləyib. Fərman Əsədlinin 26 yaşında şəhid olduğunu qeyd edərək romanın adının ona uyğun olaraq “26 gün” adlandırdığını deyib.

   Şəhidin atası Elçin Əsədov bildirib ki, romanı bütün şəhidlərə ithaf olunmuş əsər kimi dəyərləndirir. Fərman nümunəvi davranışı ilə gənclərə örnəkdir. Roman vətənpərvərlik mövzusunda qiymətli əsərdir.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.14.