“Fransız tətilləri” Milli İncəsənət Muzeyində

 

 

   İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək.

   Muzeydən bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar yelpiyin məşhur dilini öyrənəcək, hətta bir-biri ilə bu dildə ünsiyyət quracaqlar.

   Tədbirdə bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.

   “Fransız tətilləri” proqramının premyerasında iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək lazımdır.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.16.