Təbiətə qayğı və zövq dolu mənalı istirahət

 

 

   Qusar rayonuna ekotur keçirilib

 

   Azərbaycanın bölgələri ekoloji turizmi inkişaf etdirmək üçün geniş imkanlara malikdir. Bu günlərdə (7-8 iyul) Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü və dəstəyi ilə “Turizm.az” şirkəti tərəfindən Qusar rayonuna təşkil edilən ekotur bunu bir daha təsdiqləyib.

   Turda Bakıdakı turizm agentliklərinin 30-dək nümayəndəsi iştirak edib.

   Ekoloji, yaxud yaşıl turizmonun kənd turizmi növü dünyada geniş yayılmış istirahət istiqamətlərindən biri sayılır. Azərbaycan Turizm Assosiasiyasının səyyar turizm komitəsinin rəhbəri Murad Kərimovun fikrincə, ekoturizmin populyar olmasının çoxsaylı səbəbləri var. Ən əsası, bu, ətraf mühitinekoloji tarazlığın qorunub saxlanılmasını təbliğ edən turizm istiqamətidir. Ətraf mühitə qayğıkeş münasibət ekoloji turizmin əsas prinsipləridir.

   Qusar rayonu ekoturizmin inkişafı üçün təsadüfən nümunə seçilməyib. Diyar landşaftlarının müxtəlifliyi, zəngin flora və faunası, yerli mədəniyyətin özünəməxsusluğu, sakinlərin mehribanlığı ekoloji turizmlə maraqlanan hər kəsi cəlb edir. Ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan Şahdağ Turizm Mərkəzi də Qusarda yerləşir. Qış mövsümündə bu populyar dağ-xizək kurortuna xizəklə və snoubordla sürüşməyi, dağ mənzərələrinin əhatəsində istirahət etməyi sevən minlərlə turist gəlir. Yamaclardakı qarların yaşıllıqlarla əvəzləndiyi yay mövsümündə də kompleksdə qaynar istirahət davam edir. Kompleks yayda da turistlərə qışdakı qədər, bəlkə də daha çox əyləncə təklif edir.

   Tur iştirakçıları səfalı Çiləgir kəndində yamyaşıl təpələrin əhatəsində yerləşən “Xutorok” turbazasında da olublar. Kompleksin yaşıllığa qərq olmuş ərazisində çoxlu meyvə ağacları var. Ətraf gül-çiçək içindədir. Havadan odun samovarı çayının məstedici ətri gəlir.

   Ertəsi gün səfər KuzunLaza kəndlərinin dağ şəlalələrinə yürüşlə davam edib. Kuzun kəndi Qusarın 35 kilometrliyində, Şahdağın yaxınlığında dəniz səviyyəsindən 1280 metr yüksəklikdə yerləşir. Çəmənlik və meşələrlə örtülmüş zümrüd dağların əhatəsində yerləşən kənddən altı kilometr məsafədə başqa bir kənd - “Suvar” turbazası və heyrətamiz şəlalələri ilə məşhur olan Laza kəndi yerləşir.

   Ekoturizm o baxımdan yaxşıdır ki, o, nə idman, nə də yarışdır. Yəni sizi heç kəs tələsdirmir və gücünüz çatmayan heç nə tələb olunmur. Yolda dayanıb dincəlmək, nəfəsinizi dərmək imkanı var. Ekoturistlərin istədikləri də məşhur Laza şəlalələrinə tamaşa etmək idi. Şəlalələrin suyunun sərin damcıları bizə ani təravət bəxş edir, yorğunluğumuzu unutdurur, göz gördükcə uzanan dağ mənzərələri isə ruhumuzu oxşayır.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.9.