Turizm haqqında” qanuna dəyişiklik qüvvəyə minib

 

 

 

   Turist səfərləri ilə bağlı turizm şirkətlərinə ödəmələr yalnız nağdsız qaydada həyata keçiriləcək

  

   Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2017-ci il tarixdə qəbul etdiyiTurizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Qanunun 9-cu maddəsinə edilən əlavə (10-cu hissə) turist səfərləri ilə bağlı turizm şirkətlərinə (turagentlərə) nağd ödəmələri qadağan edir. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, bundan sonra ödəmələr yalnız nağdsız qaydada (köçürmə yolu ilə) həyata keçiriləcək.

   Qeyd edək ki, dəyişiklik “Nağdsız hesablaşmalar haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar edilib.

   Dövlət başçısı iyulun 13-də həmçinin “Turizm haqqında” qanunda dəyişiklik edilməsi 2017-ci il 13 iyun tarixli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

   Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Turizm haqqında” qanuna edilən dəyişikliyə uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edilməlidir.

   Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.3.