Azərbaycanda alman irsi dövlət səviyyəsində qorunur

 

 

 

   Ölkəmizin Almaniyadakı səfiri yerli telekanala müsahibəsində ikitərəfli əlaqələrin tarixindən və indiki vəziyyətindən bəhs edib

  

   “TV Berlin” telekanalının “Standort Berlin” proqramında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun müsahibəsi yayımlanıb.

   İki hissədən ibarət müsahibədə səfir Azərbaycan-Almaniya əlaqələrinin tarixindən danışıb, 200 il əvvəl yüzlərlə alman ailəsinin Azərbaycana gəlməsi, onların yerli insanlar tərəfindən xoş məramla qarşılanması, almanların ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmələri, o cümlədən ölkəmizdə şərabçılıq ənənələrinin əsasını qoymaları barədə məlumat verib.

   Azərbaycanda alman irsinin hazırda dövlət səviyyəsində qorunduğunu deyən diplomat dövlətimizin başçısı İlham Əliyev tərəfindən Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə tədbirlər planına dair imzalanmış sərəncama müvafiq olaraq bir sıra tədbirlərin hazırlandığını, yubileyin cari ilin sentyabrında Azərbaycanın, Almaniyanın və Gürcüstanın birgə təşkilatçılığı ilə Parisdə UNESCO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyini bildirib.

   2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin 25 illik yubileyi ilə səciyyələndiyini qeyd edən səfir Azərbaycanın Avropa İttifaqı, eləcə də Almaniyanın etibarlı tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində və enerji təchizatının diversifikasiyasında oynadığı rolu xüsusi vurğulayıb. Müsahibədə ölkəmizin qonşuları ilə münasibətlərinə də toxunulub. Diplomat bildirib ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə, o cümlədən Xəzər dənizi üzərindən həmsərhəd ölkələrlə yaxşı münasibətlərə malikdir. O, Azərbaycan ilə bir sıra region ölkələri arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən danışıb.

   Ermənistanın 25 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini xatırladan səfir ermənilərin cəbhə xəttində törətdikləri təxribatlar, 2016-cı ilin aprel hadisələri, bu il iyulun 4-də Ermənistanın atəşkəsi pozması nəticəsində ikiyaşlı uşaq və nənəsinin öldürülməsi barədə məlumat verib.

   Münaqişənin həlli imkanlarına toxunan R.Həsənov bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün olduğunu bildirib.

   Azərbaycanın turizm imkanları barədə suala cavab verən R.Həsənov ölkəmizin hər il keçirilən İTB Berlin beynəlxalq turizm sərgisində fəal iştirak etdiyini qeyd edib. O, ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun yaradıldığını və Azərbaycana ziyarət edən turistlərin sayının ildən-ilə artdığını bildirib. Qeyd edib ki, Bakı-Berlin və Bakı-Frankfurt-Mayn marşrutları üzrə birbaşa uçuşların həyata keçirilməsi, eləcə də reallaşdırılmaqda olan Tbilisidən Bakıyadək uzanacaq “Cənubi Qafqazda alman irsi” adlı turizm marşrutu ölkəmizə alman turistlərinin maraq göstərməsi üçün əlverişli şərait yaradır.

 

 

Mədəniyyət.- 2017.- 28 iyul.- S.4.