Qoy həmişə günəş olsun!”

 

 

 

   Uşaqların əl işlərindən ibarət sərgi

  

   İyunun 1-də İçərişəhərdəki “Nur Art House” qalereyasında Beynəlxalq uşaqları müdafiə gününə həsr edilmişQoy həmişə günəş olsun!” adlı uşaq rəsmlərindən ibarət sərginin açılışı oldu.

   Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvü, tanınmış rəssam Rauf Əbdülhüseynoğlunun rəhbərlik etdiyiQoy həmişə günəş olsunUşaq yaradıcılıq qrupunun birgə layihəsi olan sərgidə Səma Çıraqova (7 yaş), Billur Zeynallı (8 yaş), Duyğu İsmayılova, Aydan Səttarzadə (10 yaş), Jalə Hümbətova (11 yaş) və Şəbnəm Əsgərlinin (15 yaş) 100-ə yaxın əsəri nümayiş olunur.

   Uşaqlar ustadları - keçəçi-rəssam Rauf Əbdülhüseynoğlundan öyrəndikləri sənət sirlərini rənglərin dili, qələmin gücü ilə ifadə edərək rəngkarlıq, qrafikabatika janrlarında əl işlərini tamaşaçılara təqdim etdilər.

   Tədbirdə “Nur Art House” qalereyasının direktoru Röya Tağıyeva, rəssam R.Əbdülhüseynoğlu çıxış edərək sərgi haqqında tamaşaçılara bilgi verdilər. Bildirildi ki, dekorativ-tətbiqi sənət sahəsində ilk addımlarını atan, rəssamlığın əsaslarını öyrənməyə başlayan bu uşaqların əsas hədəfi gələcəkdə keçəçilik və unudulmaqda olan başqa xalq tətbiqi sənət növlərinin yaşadılması yönündə işlər görməkdir.

   Tədbirdə əsərləri sərgilənən uşaqlara diplomlar və hədiyyələr verildi. Sərgi bir həftə davam edəcək.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.2.