"Sabahın ulduzları" adlı tədbir keçirildi

 

 

   İyunun 1-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq uşaqları müdafiə gününə həsr edilmiş "Sabahın ulduzları" adlı tədbir keçirildi.

   Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil, musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edirdi.

   Mərasim iştirakçıları əvvəlcə Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin rəsm sərgisi ilə tanış oldular.

   Şöbənin müdiri Azər Abdullayev çıxış edərək əlamətdar günün önəmi haqqında danışdı. Bildirdi ki, Beynəlxalq uşaqları müdafiə günü dünyanın əksər ölkələrində qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlətimizin bu sahədə siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

   Tədbirdə daha sonra Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu çıxış etdi. Vokal kompozisiyalar və şən klounlar, nağıl qəhrəmanları ilə viktorinalar uşaqlara yaddaqalan anlar bəxş etdi.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.5.