“Mənim düşüncəm”

 

   Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı

  

   İyunun 6-da Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçirilən “Mənim düşüncəm - 2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin açılışı oldu.

   Mərkəzin direktoru Zahid Əvəzov tədbiri açaraq müsabiqə və sərginin mahiyyəti, məqsədi haqqında bilgi verdi. Vurğuladı ki, məqsəd uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, çevrəyə insani münasibətin yaranmasına təkan verməkdir.

   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov belə sərgilərin uşaqların mənəvi inkişafında böyük rol oynadığını, onlarda bədii duyumu gücləndirən gözəl vasitə olduğunu bildirdi, iştirakçılara uğurlar dilədi.

   Sonra əsərləri sərgilənən uşaqlara diplomlar təqdim edildi.

   Bildirək ki, müsabiqənin yekun sərgisində Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi, Şabran şəhər Tofiq Abbasov adına 1 saylı məktəb, Gəncə şəhər Uşaq rəssamlıq məktəbi, Masallı rayon 11 illik İncəsənət məktəbinin rəssamlıq şöbəsi, “Xətai” Uşaq rəsm yaradıcılıq studiyası, Zığ qəsəbə Mədəniyyət evinin rəssamlıq kursu, Xırdalan şəhər “Uğur” tədris mərkəzi, Sumqayıt şəhər Bülbül və Səid Rüstəmov adına uşaq yaradıcılıq studiyalarının şagirdləri xüsusi fəallıq göstərib. Bütövlükdə 500-dən çox uşaq 1400-ə yaxın əl işi ilə müsabiqəyə qatılıb. Sərgidə 190 uşağın 200 əsəri nümayiş olunur.

  

   S.Qaliboğlu

 

Xalq Cəbhəsi.- 7 iyun.- S.2.