Yay turizm mövsümü iyunun 15-də açılacaq

 

 

   Həmin gün aidiyyəti qurumların iştirakı ilə çimərlik mövsümünə rəsmən start veriləcək

  

   Bu il Azərbaycanda yay turizm mövsümü iyunun 15-də açılacaq. Sentyabrın 15-dək davam edəcək yay turizm mövsümü müddətində ölkəmizə gələn turistlərin sayında ciddi artım gözlənilir.

   Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turoperatorlarturizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə jurnalistlərə müsahibəsində deyib.

   Nazir bildirib ki, ölkəmizdə yay turizm mövsümündə turistlərin istirahəti üçün hər cür şərait var. Azərbaycanda digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçüngeniş potensial var. Bu il ölkəmizdə çimərlik turizminin inkişafı sahəsində də mühüm addımlar atılır.

   İyunun 15-də aidiyyəti qurumların iştirakı ilə çimərlik mövsümünün də açılış mərasimi keçiriləcək.

   Xatırladaq ki, bu il martın 30-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edilib. Sənəddə çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər əksini tapıb.

   Tədbirlər planının icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən olunub, planın icrası ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Bu istiqamətdə işlər çərçivəsində Bakıda, Xaçmazda, Lənkəranda və Astarada model çimərliklərin yaradılması nəzərdə tutulub.

   Tədbirlər planının icrası çərçivəsində yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti qurumlara təkliflərin təqdim olunması ilə bağlı məktublar göndərilib. Xəzər rayonu üzrə 70, Sabunçu rayonu üzrə 37, Səbail rayonu üzrə 17, Binəqədi rayonu üzrə 23, Lənkəran rayonu üzrə 5, Astara rayonu üzrə 4, Siyəzən rayonu üzrə 1 çimərlik obyektləri barədə məlumatlar təqdim olunub. Təqdim olunan məlumatlar və təkliflər işçi qrupu tərəfindən təhlil edilərək məlumat reyestrinə daxil edilib.

   Həmçinin çimərlik turizminin inkişaf etdirilməsi məqsədilə icra hakimiyyəti başçılarının müavinləri, bələdiyyə və qəsəbə nümayəndələri və sahibkarlarla bir sıra görüşlər keçirilib. Görüşlərdə yaradılması planlaşdırılan model çimərliklər barədə ətraflı məlumat verilib və sahibkarların bu sahəyə cəlb edilməsi ilə bağlı təşviqat işləri həyata keçirilib.

   Çimərlik sahəsində standartın tətbiqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Turistekskursiya xidmətləri. Rekreasiya turizmi. Çimərliyin idarə edilməsinə dair tələblər və tövsiyələr” milli standartı ekspertlər tərəfindən hazırlanıb, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunaraq qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə göndərilib.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.2.