Azərbaycanda ilin bütün fəsillərində turistlərə istirahət imkanı yaradılıb

 

    

   Bu il turistləri həm Bakıda, həm də regionlarda maraqlı turlar gözləyir

  

   Azərbaycanda turizm infrastrukturunun yenidən qurulması istiqamətində ciddi işlər görülür. İlin bütün fəsillərində turistlərin Azərbaycana gəlib istirahət etmələri üçün hər cür imkan yaradılıb. Bu il də ölkəmizə gələn turistləri həm Bakı şəhərində, həm də regionlarda maraqlı turlar gözləyir.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri iyunun 8-də jurnalistlərə müsahibəsində deyib.

   Nazir bildirib ki, bu il xüsusilə Rusiyadan və ərəb ölkələrindən ölkəmizə gələn turistlərin sayında artım gözlənilir. Bu ay paytaxtımızda ikinci dəfə keçiriləcək “Formula-1” yarışlarına da böyük maraq var: “Formula-1” yarışları zamanı ölkəmizdə böyük mehmanxana şəbəkələrinin 90-95 faizi dolur: “Artıq sifarişlər verilib”.

   Nazir ölkənin turizm sənayesində mövcud olan qiymətlər barədə sualı da cavablandırıb: “Bütün rayonlar üzrə təhlil aparmışam. Elə rayonlar, elə məkanlar var ki, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm ki, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır”.

   Azbüdcəli mehmanxanaların yaradılması barədə danışan nazir bildirib ki, ölkəmizdə son 2 ildə aşağı ulduzlu yüzə yaxın hotelin inşası aparılıb.

   Əbülfəs Qarayev evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti - hostel xidməti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunmasının vacibliyini də vurğulayıb: “Bunun üçün şərtlərin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Biz hazırda onun üzərində işləyirik. Düşünürəm ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu kifayət qədər aydın təsəvvür edə biləcəklər. Bu gün bu pərakəndə şəkildə həyata keçirilir. Lakin tendensiya göstərir ki, hostellərə xüsusilə gənclər tərəfindən maraq var”.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.3.