Görkəmli bəstəkarın 100 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans

 

 

 

   İyunun 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar, Xalq artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

   Konfransda BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək C.Hacıyevin yaradıcılığından, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən danışıb.

   Tədbirdə C.Hacyevin övladları İsmayıl və Mikayıl Hacıyevlər də iştirak ediblər. Musiqiçi Mikayıl Hacıyev atası ilə bağlı xatirələrini bölüşüb, onun həyat və yaradıcılıq yolu barədə maraqlı faktlar danışıb.

   Tədbirdə çıxış edənlər unudulmaz bəstəkarın işıqlı xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildiriblər.

   Sonra BMA-nın tələbəsi, gənc pianoçu Vüsalə Babayeva Cövdət Hacıyevin “Musiqi lövhələri” məcmusundan bir neçə nömrə ifa edib. Konfransda həmçinin gənc və istedadlı pianoçu Pərviz Məmmədov görkəmli bəstəkar Fikrət Əmirovun “Mən səni araram” əsərinin motivləri əsasında caz improvizə səsləndirib.

 

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.4.