Mənim könlüm deyir ki...

 

   XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 109-cu ildönümü ilə əlaqədar şairin doğulduğu Xızı rayonunda “Mənim könlüm deyir ki...” adlı ədəbi-bədii gecə keçirilib.

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Xızı rayon nümayəndəliyi, rayon İcra Hakimiyyəti və Cabir Novruz Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Sayadlar kəndinə gələrək “Müşfiq ocağı”nı ziyarət ediblər, şairin abidəsi önünə tər çiçəklər düzüblər.

   Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən ədəbi-bədii gecədə iştirakçıları salamlayan rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə unudulmaz şair Mikayıl Müşfiqin doğum gününün ölkəmizdə poeziya günü kimi qeyd olunduğunu, həmçinin hər il Xızıda ədəbi gecələr təşkil olunduğunu vurğulayıb.

   Cabir Novruz Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanov bildirib ki, Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun ürəkdən gələn, xalq ruhu ilə bağlı olan, Azərbaycanı tərənnüm edən səmimiyyətlə dolu poeziyasıdır.

   Fondun təsisçisi Müşfiq Cabiroğlu və digər çıxış edənlər Mikayıl Müşfiqin bənzərsiz poeziyasından, qısa ömür sürsə də, öz zəngin ədəbi yaradıcılığı ilə çağdaş Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açıblar.

   Şairin əmisi oğlu Vahab İsmayılzadə çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

   Sonra incəsənət ustalarının ifasında şairin şeirləri səsləndirilib və sözlərinə bəstələnən mahnılar ifa olunub. Xalq artistləri Zaur Rzayev, Ramiz Məmmədov, Əməkdar artist Azad Şükürov və digər ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

   Tədbirdə Müşfiqin ədəbi yaradıcılığının təbliğində fəallığı ilə fərqlənən bir qrup rayon ziyalısı fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

   

   Ramiz Ramazanlı

   Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.7.