Qobustan qayaüstü təsvirləri əmin-amanlığı, dostluğu, birliyi tərənnüm edir

 

 

   Bakıda Qobustan qoruğunun yaradılmasının 50 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilir

  

   İyunun 13-də Bakıda “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans işə başladı. Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 və Qobustan qayaüstü təsvirlərinin UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Əvvəlcə Qobustan qoruğunun tarixinə həsr olunmuş videoçarx nümayiş olundu. Qoruğun direktoru Rüfət Nuriyev çıxış edərək bildirdi ki, Qobustan qayaüstü rəsmləri qədim tariximizi öyrənmək baxımından qiymətli mənbədir. Qeyd olundu ki, ilk dəfə 1939-cu ildə görkəmli arxeoloq İshaq Cəfərzadə Cingirdağ-Yazılıtəpə ərazisində qayaüstü təsvirləri qeydə alıb və bununla da Azərbaycan tarixində, mədəniyyətində əvəzsiz yeri olan Qobustan abidələri elm aləminə təqdim olunub. XX əsrin 60-cı illərindən İ.Cəfərzadənin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən uğurla davam etdirilib. Keçən müddət ərzində Qobustan təkcə yerli alimlərin deyil, həmçinin xarici arxeoloqların, elm adamlarının daim görmək və tədqiqatlarında iştirak etmək istədikləri məkana çevrilib.

   Bildirildi ki, Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Qayalarda kişi və qadın, vəhşi öküz, keçi, maral, canavars. təsvirlərə rast gəlinir. Təsvirlərdə Azərbaycan xalq rəqsi “Yallı”nı xatırladan tək və qrup şəklində olan mərasim rəqslərinə təsadüf olunur. Sahəsi 3 min 96 hektar olan Qobustan Milli tarix-bədii qoruğu 1966-cı ildə yaradılıb. Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb. Nəticədə 1031 qaya üzərində çəkilmiş 6300-dən çox təsvir və 105 min arxeoloji material qoruğun fonduna daxil edilib.

   Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi səyləri nəticəsində 2007-ci ildə Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Ölkə başçısının müvafiq sərəncamı əsasında Qobustan Milli tarix-bədii qoruğunun ərazisində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılıb, burada inşa olunan muzey 2012-ci ildə “Avropanın ən yaxşı muzeyi” mükafatına layiq görülüb.

   Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə mədəni irsin qorunması istiqamətində aparılan işlərdən söz açdı. Bildirdi ki, son illər Azərbaycanın bütün bölgələri arxeoloji tədqiqatlara cəlb edilib. Bununla bağlı dövlət başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb, maliyyə vəsaitləri ayrılıb. Qeyd etdi ki, Qobustanda nüfuzlu xarici universitetlərin alimləri tədqiqat işləri aparıblar. Elmi axtarışlar bir daha bu məkanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.

   Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirə İspaniya, İtaliya, Rusiya, Avstriya, Norveçdən tədqiqatçıların da qatıldığını diqqətə çatdırdı və alimlərə Azərbaycan tarixinə, mədəniyyətinə göstərdikləri marağa görə təşəkkür etdi.

   Nazir bildirdi ki, Azərbaycan hər zaman beynəlxalq araşdırmalar məskəni olaraq qalacaq: “Çünki ölkəmizin ərazisi, tarixi, mədəniyyəti, ədəbiyyatı və maddi irsi buna imkan verir. Qobustan minilliklər boyu yaşayaraq gələcəyə nikbin baxış formalaşdırdı, burada məskən salan insanlara ümid oldu. Qobustan qoruğu bu gün Azərbaycan tarixinin nə qədər qədim olduğunu sübuta yetirən çox əhəmiyyətli mənbədir. Qoruğun araşdırılmasında əməyi olan insanlar var ki, bu gün biz onlara da təşəkkür etməliyik. Bu insanların Azərbaycan tarixinin dərk edilməsində əvəzolunmaz rolları olub. Qobustanı hər birimiz hələ uşaq yaşlarından tanıyırıq. Bu gün də mən Qobustanı ziyarət edəndə qəribə hislər keçirirəm. Bu məkanı ilahi bir qüvvəyə, qalaktika ilə əlaqəsi olan bir ünvan kimi qəbul edirəm. Qobustan insanlara sanki bir qoruyucu, təhlükəsiz məskən kimi hədiyyə edilibbu missiyanı bu günqoruyur. Qayaüstü rəsmlərdə əks olunan nişanlar məhz həmin əmin-amanlığı, dostluğu, insan gücünü, birliyi tərənnüm edir. Qayaların üstündə təsvir edilən “Yallı” rəqsi bütün dünyada vəhdəti ifadə edir. Ötən il BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumunda məhz həmin rəsmlər rəmz olaraq seçilmişdi. Çünki hazırda dünyanın birliyə və tolerantlığa ehtiyacı var”.

   Vurğulandı ki, Qobustan qoruğu qədimliyini qorumaqla yanaşı, müasir muzeyə də sahibdir: “Qobustan qoruğundakı muzey dünyanın ən yaxşı muzeyləri sırasındadır. Arzu edirik ki, Azərbaycanda fəaliyyət göstərən digər muzeylər də Avropanın ən yaxşı muzeyləri siyahısına daxil ola bilsinlər”.

   Əbülfəs Qarayev Qobustan qoruğunun turizm baxımından da əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, ötən il buranı ziyarət edənlərin sayı 100 min nəfərdən artıq olub.

   Ölkəmizdə fəaliyyət göstərən digər qoruqlardan da söz açan nazir həmin ərazilərdə arxeoloqlar tərəfindən mütəmadi araşdırmalar aparıldığını diqqətə çatdırdı. Ermənistanın işğalı altında olan abidələr, o cümlədən Azıx mağarası haqqında məlumat verən Əbülfəs Qarayev torpaqlarımız işğaldan azad olunduqdan sonra orada da araşdırmaların davam etdiriləcəyini vurğuladı.

   Daha sonra çıxış edən Kampo Limeiro qayaüstü incəsənəti arxeoloji parkının direktoru, PRAT-CARP Avropa Mədəni Marşrutu Elm Komitəsinin üzvü Jose Manuel Rey Qarsiya (İspaniya) dəvətə görə təşəkkürünü bildirdi, Qobustan qoruğunun 50 illiyi ilə bağlı təbriklərini dilə gətirdi. Qobustanın mühüm mədəni turizm marşrutuna çevrildiyi qeyd edildi.

   İtaliyanın Milan Universitetinin professoru, “Humidblok” şirkətinin incəsənət və memarlıq üzrə direktoru, bərpaçı-memar Scrinzi Luigi Domenico Leonardo Enrico ölkəmizdə qonaq olmağından məmnunluğunu ifadə etdi. Roma imperatoru Domisianın dövründə hərbi legionun burada olmasını təsdiq edən qədim yazını tədqiq etdiyini vurğulayan memar bildirdi ki, Roma yazısı ən yaxşı məhz bu məkanda həkk olunub.

   Norveçin Tromso Universitetinin tədqiqatçısı Jan Magne Gjerde, Prezident yanında Ali Attestasiya Komissiyasının eksperti, professor Cəfər Qiyasi, ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova və Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək Qobustan abidələri haqqında danışdılar. Bu nadir məkanda aparılan müasir tədqiqat işlərindən geniş söhbət açıldı.

   Sonra 50 illik yubiley münasibətilə Qobustan qoruğunun bir qrup əməkdaşı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif edildi.

   Qeyd edək ki, iki gün davam edəcək konfransda Qobustanın tarixinə dair məruzələr dinləniləcək. Konfrans çərçivəsində həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun dəstəyi ilə qoruğun əməkdaşları tərəfindən aparılan tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatı olacaq. Layihə əsasında ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub ki, bu da Qobustan qayaüstü təsvirlərinin AbşeronKiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.3.