Əli bəy Hüseynzadənin əsərləri
və arxiv əşyaları Vətənə
gətirildi
Böyük mütəfəkkirin qızı
tərəfindən Azərbaycan dövlətinə hədiyyə
olunan 161 eksponatın sərgi-təqdimatı
keçirildi
İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyi və İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkoloq, mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı Feyzavər Alpsarın atasından qalan irsinin Azərbaycan dövlətinə hədiyyə olunması ilə bağlı sərgi-təqdimat keçirildi.
Tədbirdə qonaqlar öncə sərgi ilə tanış oldular. Burada Türkiyədən gətirilən 161 eksponatdan seçilmiş nümunələr - Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları nümayiş etdirilirdi. Əli bəy Hüseynzadənin qızı tərəfindən 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də “Həyat” qəzetinin nüsxəsi Azərbaycana hədiyyə olunub.
Sərgi ilə tanışlıq başa çatdıqdan sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Ardınca Əli bəy Hüseynzadənin həyatı, fəaliyyəti, eləcə də qızı - İstanbulda yaşayan Feyzavər xanımın atasının irsinin Azərbaycana gətirilməsi üçün rəsmi razılıq verməsilə bağlı videogörüntü nümayiş olundu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət öncə Feyzavər xanımın Əli bəy Hüseynzadənin şəxsi əşyalarının Azərbaycana hədiyyə etmək istədiyini bildirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bununla bağlı müvafiq qanuni prosedurlar başlanıb və həmin əşyalar indi onun sahibinin vətənindədir. Nazir böyük şəxsiyyətin arxivinin qaytarılmasına görə Türkiyə dövlətinə də minnətdarlığını dilə gətirdi.
Bildirildi ki, 2014-cü ildə Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən sərəncam imzalanıb. Həmin sərəncama əsasən keçirilən tədbirlərdə Əli bəyin türkçülük ideologiyası, eləcə də Türkiyənin və Azərbaycanın müstəqilliyi yolunda gördüyü işlər geniş ictimaiyyətə çatdırılıb. Nazir Əli bəy Hüseynzadə irsinin, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və Türkiyə arasında mənəvi körpü, dəyər olduğunu vurğuladı.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Əli bəy Hüseynzadənin Azərbaycan və Türkiyənin “İki dövlət, bir millət” olmasının ən dolğun örnəyi olduğunu dedi. O, Əli bəyin Türkiyə Cümhuriyyətinin qurulmasında göstərdiyi xidmətlərdən danışdı, onun ideyalarının əbədi olaraq yaşayacağına inamını ifadə etdi.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ən böyük şəxsiyyətlərindən olan Əli bəy Hüseynzadənin əsərlərində, məqalələrində türkçülük ideyasının ana xətt olduğunu, ümumtürk mənəvi dəyərlərinin təbliğ edildiyini söylədi. Vurğuladı ki, böyük ideoloq hər zaman türklərin mədəni birliyinin yaradılmasına çalışıb, türkləri öz köklərinə bağlı olmağa çağırıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Əli bəy Hüseynzadənin türkçülüyə verdiyi yüksək dəyərdən söz açdı. O, çıxışında maraqlı məqama da toxundu: “Əli bəy “Bibiheybət məscidi” rəsm əsərini çəkir və durumu ağır olduğu üçün onu satışa çıxarır. Əsəri bir ingilis almaq istəyir. Bunu eşidən H.Z.Tağıyev əsəri alır və deyir: “Razı olmaram, bu əsəri bir əcnəbi alıb öz vətəninə aparsın”.
Türkiyədən gələn qonaqlar adından professor İbrahim Yıldırım böyük türkçünün həyat və yaradıcılığı haqqında geniş məruzə söylədi.
Əli
bəy Hüseynzadənin həyat və
yaradıcılığının tədqiqatçısı
Yavuz Akpınar Türkiyədə böyük mütəfəkkirin arxivinin olduğunu diqqətə
çatdırdı. Ege Universitetində
olan həmin arxivin bir hissəsi
nəşr edilib və elektron kataloqu hazırlanır. Qeyd etdi
ki, burada təqdim edilən orijinal əşyaların
foto nüsxəsi Feyzavər xanımda qalıb.
Əli bəy Hüseynzadənin qardaşı İsmayıl
bəyin nəvəsi
Cəmilə Hüseynzadə
mənsub olduğu
soy, amansız repressiya
illərində doğmalarının
başına gətirilən
müsibətlər, hələ
sovet dönəmində
atasının Əli
bəyin övladlarını
axtarıb tapması, əlaqə yaratması, özünün də müstəqilliyin ilk illərində
Türkiyəyə doğmalarını
görmək üçün
getməsindən bəhs
etdi.
Təqdim olunan xatirə əşyalarının Azərbaycana
gətirilməsinə yaxından
yardımçı olan
Əməkdar rəssam
Teymur Rzayev görülən işlərlə
bağlı bilgi verdi, müəllifi
olduğu “Əli bəy Hüseynzadənin portreti”ni İstiqlal Muzeyinə hədiyyə etdi.
Nazir Əbülfəs Qarayev Azərbaycan bayrağını Feyzavər
xanıma çatdırmaq
üçün rəssama
təqdim etdi.
Xalq artisti Azərinin
ifasında “Çırpınırdın,
Qara dəniz” mahnısıyla tədbir sona yetdi.
Onu da qeyd edək ki, Əli
bəy Hüseynzadənin
həyatda qalan tək övladı Feyzavər xanım tədbiri video bağlantı
vasitəsilə izlədi,
sonda iştirakçılara
sayğısını ifadə
etdi.
Xatırladaq ki, Əli bəy
Hüseynzadə (1864-1940) Peterburq
Universitetinin fizika-riyaziyyat,
İstanbul Universitetinin
hərbi tibb fakültələrində ali təhsil alıb. Həmçinin Sankt-Peterburq İmperator
Rəssamlıq Akademiyasında
oxuyub, bir sıra portret və mənzərələrin
müəllifidir. Böyük
mütəfəkkir müxtəlif
sahələrdə çalışıb,
tibbə, musiqiyə, fəlsəfəyə, tarixə,
sosiologiyaya, ədəbiyyatşünaslığa
dair zəngin irs yaradıb.
Rəsm əsərləri Bakı
muzeylərində, İstanbul
və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.8.