Dostluq hissi insanı daha yaxşı doyurur

 

 

   Bakıda hind yeməkləri festivalı

  

   İyunun 11-də Hindistan-Azərbaycan Assosiasiyası Hindistanın ölkəmizdəki səfirliyi ilə birlikdə hind yeməkləri festivalı keçirdi. Gün ərzində davam edən tədbir qonaqları sanki Hindistana qiyabi səyahətə apardı.

   Hyatt Regency” hotelində baş tutan tədbirdə Bakıda yaşayan və işləyən hindlilər, hind mətbəxi təklif edən restoranların peşəkar aşpazları bu böyük və qədim ölkənin müxtəlif bölgələrinə aid çeşidli xörəkləri, kulinariya məmulatlarını paytaxt sakinlərinin və qonaqların ixtiyarına vermişdilər. Amma ruhun qidası, gözün və qulağın istirahəti də unudulmamışdı. Cərgə ilə düzülmüş masaların üstündə azərbaycanlı bacarıqlı əl sahibləri ilə hindli ustaların əl işləri də ziyarətçilərə təqdim edilirdi. Ürəyi istəyən seçmə hind çayı və hind düyüsü, ədviyyat da əldə edə bilir, lotereyalara qoşulub çox münasib qiymətə yadigar nəsə almaq imkanından yararlanırdı. Üstəlik, Azərbaycan dilində hind mətbəxindən bu ölkənin tarixinədək müxtəlif kitabalbomlar da sərgilənirdi.

   Salonun tən ortasında qurulmuş podium isə Azərbaycanda çox sevilən hind musiqisi və rəqslərinin ixtiyarına verilmişdi, səhnədəki çıxışlar hər kəs tərəfindən rəğbətlə qarşılanırdı. Bir çox xeyriyyə tədbirlərinin təşkilatçısı kimi tanıdığımız, Hindistan-Azərbaycan Assosiasiyasının sədri, həkim xanım Racani Çandra D’Mello ilə söhbətimizdə öyrəndik ki, tədbir boyunca keçirilən lotereyadan əldə edilən gəlir qocalar evinin sakinlərinə xərclənəcək: “2017-ci il Azərbaycan və Hindistan respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olması ilə əlamətdardır. Bu münasibətlə səfirliyimiz, Bakıda yaşayan Hindistan vətəndaşları və ölkəmizi, mədəniyyətimizi çox sevən Azərbaycan vətəndaşlarının birləşdiyi dostluq assosiasiyası ilə birlikdə maraqlı tədbirlər planı hazırlamışıq. Hind mətbəxi günü də həmin tədbirlərdən biridir. Bir neçə gün öncə Bakıda və Sumqayıtda «Hindistan toyu» konsert-şou proqramını təqdim etmişdik. Çox şadıq ki, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri gündən-günə inkişaf edir”.

   ...Bilənlər bilir: harada hind mətbəxinin nümunələri varsa, orada isti, bol ədviyyatlı yeməklərin iştahaaçan qoxusu hakimdir. Amma bu tədbirdə hər şeydən öncə iki xalqın - hind və Azərbaycan xalqlarının mehribanlığının ruhu hiss olunurdu.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.12.