Əməyə verilən qiymət yaradıcı insan üçün böyük stimuldur

 

 

 

   Dövlət başçısının sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimləri mükafatlandırıldı

  

   Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi, mədəniyyət və incəsənətlə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsi, bu sahələrə dair qanunvericiliyin, hüquqi-normativ bazanın daha da təkmilləşdirilməsi bu diqqətin bariz nümunəsidir.

   Nazir qeyd etdi ki, 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində təqdim edilən mükafatlar ikiqat bayram əhvalı yaradır: “Heydər Əliyev Azərbaycan xalqının taleyində misilsiz rol oynayan dahi şəxsiyyətdir. Bu gün bu zalda əyləşən insanlar onun fəaliyyətinin şahidləridir. Azərbaycan son dövrlər böyük bir inkişaf yolu keçibbu inkişafın bünövrəsində Heydər Əliyevin mövqeyi, strateji təfəkkürü durur. Onun fəaliyyəti hamımız üçün bir örnəkdir. 24 il əvvəl xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər bu gün dinamik inkişaf edən bir Azərbaycanı bizə bəxş etdi. Milli Qurtuluş Günü bizim üçün müstəqilliyin yeni bir mərhələsidir və hamımız Heydər Əliyevin qurduğu müstəqil ölkənin inkişafı üçün öz töhfəmizi verməliyik”.

   Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd etdi.

   Vurğulandı ki, Prezident İlham Əliyev mütəmadi olaraq müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırır. Ölkə həyatının digər sahələri ilə müqayisədə mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləminin zənginliyini, bu sahədə əldə olunan nailiyyətləri əks etdirir: “Kino, teatr, musiqi sahəsində çalışan insanlar böyük sevgi ilə mədəniyyətimizi, incəsənətimizi təbliğ edirlər. Biz bu sahədə çalışan insanlardan daha böyük uğurlar, mədəniyyətimizin inkişafı və tanıdılmasına xidmət edən yeni layihələr və nailiyyətlər gözləyirik. Sevindirici haldır ki, bu gün turizm sahəsində çalışan insanların da əməyi qiymətləndirilir. Bu da o deməkdir ki, mədəniyyət və turizm bir-birindən ayrılmaz sahələrdir. Bu gün mükafatlandırılan insanlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək mədəniyyətimizə xidmət edənlərdir. Fəxri adlar yaradıcı potensialın güclənməsinə stimul verir. Bunun müqabilində hər bir yaradıcı insan daha da şövqlə yaşayıb-yaratmalıdır”.

   Sonra Əbülfəs Qarayev ölkə başçısının müvafiq sərəncamları ilə təltif olunmuş Afaq Vəliyevaya (Afaq Məsud) “Şöhrət” ordenini, həmçinin Aqşin Abdullayev, Zakir Ağayev, Makar Ferştandt, Anar Heybətov, Fuad İbrahimov, Əyyub Quliyev, İlham Nəzərov və Nazir Rüstəmova “Əməkdar artist”, Rəşad Əhmədzadə və İslam Həsənova “Əməkdar mədəniyyət işçisi” fəxri adlarının nişan və vəsiqələrini təqdim etdi.

   Daha sonra bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisidöş nişanı təqdim edildi.

   Təltif olunanlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq Afaq Məsud və dirijor Əyyub Quliyev çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

   Mərasimin sonunda nazir Əbülfəs Qarayev mükafatlandırılan mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara gələcək işlərində, ölkəmizin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzuladı.

  

   L.Azəri

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.5.