Gənc pianoçuların respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

 

 

   İyunun 14-də Beynəlxalq Muğam Mərkəzində gənc pianoçuların III Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi və yekun konserti keçirildi.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mayın 1-dən 23-dək gənc pianoçuların növbəti respublika müsabiqəsi təşkil edilib. Müsabiqə üç yaş qrupu (9-11, 12-14 və 15-18) üzrə keçirilib. İki turdan ibarət müsabiqənin birinci turu regionlarda - Gəncə və Şəki şəhərləri, Ağcabədi, Ağstafa, Xaçmaz və Masallı rayonlarında baş tutub. İkinci tur isə Bakıda keçirilib.

   Nazir müavini qeyd etdi ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərindən ibarət münsiflər heyəti 400-dək şagird və tələbənin çıxışını qiymətləndirib. Münsiflər heyətinin qərarına əsasən, 18 ifaçı laureat adını qazanıb. Müsabiqəyə yüksək səviyyədə şagird və tələbə hazırlamış müəllimlər fəxri fərmanlara layiq görülüblər.

   Münsiflər heyətinin sədri Nərminə Quliyeva iştirakçılar arasında çox istedadlı uşaq və gənclərin olduğunu qeyd edərək onların yetişməsində müəllimlərin əməyini xüsusi vurğuladı. O, seçimlərin açıq konsert formatında aparıldığını, qiymətləndirmədə tam obyektiv olmağa çalışdıqlarını bildirdi. N.Quliyeva istedadlı uşaqlara təhsillərini davam etdirmək üçün istiqamət verdiklərini də diqqətə çatdırdı. Münsiflər heyətinin sədri müsabiqənin təşkilində əməyi olanlara minnətdarlıq etdi.

   Sonra qaliblər təltif olundu. Qara Qarayev adına Mərkəzi incəsənət məktəbi, paytaxtın digər məktəbləri, Naftalan şəhər musiqi məktəbinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələrinə müsabiqənin müxtəlif dərəcəli diplomları təqdim olundu.

   Daha sonra qaliblərin yekun konserti oldu. Proqramda Azərbaycan dünya bəstəkarlarının əsərləri səsləndirildi.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.9.