Tanınmış bəstəkar Rauf Əliyev vəfat edib

 

 

   Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan bəstəkarlıq sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rauf Tofiq oğlu Əliyev 2017-ci il iyunun 14-də ömrünün 71-ci ilində vəfat etmişdir.

   Rauf Əliyev 1947-ci il mayın 1-də Şuşada anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (professor Xəyyam Mirzəzadənin sinfi) bitirmişdir.

   Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumentalkamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhfəsini vermişdir. Onun yaratdığı simfonik orkestr üçünNeft daşları haqqında novella”, “Coşqu” simfoniyası, “Azərbaycan” vokal-simfonik poeması, xorsimfonik orkestr üçünTürk oğlu, irəli”, "Azadlığa gedən yollar", “Vətən uğrunda”, “Memorial-Qarabağ”, a cappella xoru üçün “Nə dilərsən, ürəyim”, “Ballada” əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Bəstəkarın "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Kənar adamlar", "Vahimə", “Lovğa fil balası”, “Yalançı çobankimi 30-dan çox bədii və cizgi filmlərinə yazdığı musiqi, habelə mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutmuşdur.

   Rauf Əliyev Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqı Şuşa bəstəkarlar təşkilatının sədri vəzifəsində çalışmışdır.

   Son 10 il ərzində Rauf Əliyev bədii musiqi kollektivləri üçün bir çox musiqi əsərlərinin işləmələrini hazırlamışdır. Bu əsərlər Azərbaycanda keçirilən dövlət tədbirlərində, Fransa, Almaniya, İtaliya, Yunanıstanda təşkil edilən konsertlərdə uğurla səslənmişdir.

   2015-ci ildə Rauf Əliyev Azərbaycan Dövlət himninin partiturasının yenidən orkestrləşdirilməsi və redaktəsini həyata keçirmişdir. Dövlət himni 2015-ci ildə I Avropa Oyunlarında və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında müvəffəqiyyətlə səslənmişdir. Bəstəkar 2016-cı ildə C.Məmmədquluzadənin “Ölülər” tamaşasının ilk quruluşunun 60 illiyi münasibətilə bu tamaşaya yazılan 9 musiqinin partiturasını yenidən orkestrləşdirmişdir.

   Rauf Əliyev 2006-cı ildə “Humaymilli mükafatına, 2007-ci ildə isə respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

   Tanınmış sənətkar, gözəl insan Rauf Əliyevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində daima yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Mədəniyyət və Turizm Nazirliyi

   Azərbaycan Bəstəkarlar İttifaqı

   C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.10.