Səmərqənddə ölkəmizin mədəniyyət günləri keçirilir

 

 

   Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənd şəhərindəki park-bulvarda Azərbaycan mədəniyyəti günlərinin açılışı keçirilib.

   Mədəniyyət mərkəzinin direktoru, səfirliyin 1-ci katibi Samir Abbasov mərasimdə çıxış edərək layihənin məqsədinin qədim mədəniyyət beşiyi, turizm mərkəzi olan Səmərqənddə Azərbaycan mədəniyyətini təbliğ etmək olduğunu söyləyib.

   O, mədəniyyət günləri çərçivəsində konsert proqramının, Azərbaycan milli geyimləri, ölkəmizin Qarabağ bölgəsinin milli libaslarından ibarət moda sərgisi, Səmərqənd Dövlət Universitetində iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi konfrans, azərbaycanlı tanınmış rəssam, heykəltəraş Eynulla Əliyevin yaşadığı evin qarşısında onun barelyefinin açılış mərasimi və s. tədbirlərin planlaşdırıldığını qeyd edib.

   Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nasirov, Səmərqənd Vilayəti üzrə Azərbaycan Diaspora Təşkilatının rəhbəri Adilağa Mirzəyev təşkil olunmuş sərgiləri yüksək qiymətləndirib, bir həftənin şəhərdə Azərbaycan mədəniyyətinə həsr edildiyini qeyd ediblər.

   Səmərqəndin mərkəzi park-bulvar ərazisində təşkil olunmuş fotosərgidə Odlar yurdunun əsrarəngiz gözəllikləri, turizm məkanları, habelə Azərbaycanın Qarabağ bölgəsinin təbiəti, tarixi abidələrinə dair fotoşəkillər nümayiş etdirilib. Park ərazisində yaradılmış ənənəvi Azərbaycan evində xalqımızın tarixi, mədəniyyətini, ənənələrini özündə əks etdirən və milli ornamentlərlə bəzədilən xana iştirakçıların böyük diqqətinə səbəb olub.

   Tədbir çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair özbək dilində çap olunan çoxsaylı nəşrlər, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan kitablar sərgilənib.

   Ziyarətçilərə Azərbaycan çayı, milli şirniyyatlarımız təqdim olunub.

   Konsert proqramında Özbəkistan sənətçiləri Azərbaycan musiqilərini ifa ediblər. Daşkənddəki R.Qliyer adına Musiqi liseyinin şagirdləri Qarabağa dair musiqilər oxuyub, “Özbək gəncləri” musiqi qrupu milli mahnılarımızı səsləndirib.

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.16.