Çağdaş rəssamlığın “dərin” mövzuları

 

 

   “Rəssamlıq sənətdir, rəsm əsərini satmaq isə incəsənətdir”

  

   XX yüzil rəssamlığı bir sıra avanqard cərəyanların yaranmasıyla yadda qaldı, məşhur rəssamlıq cərəyanları kimi kubizm, sürrealizm, abstraksionizm və başqaları dünyada yetərincə yayğınlaşdı. Bu dövrün rəssamlığı başlıca olaraq gerçəkliyin asılılığından qurtulmağı qarşıya məqsəd qoymuşdu. Əsrlərlə davam edən akademik rəssamlığın asılılığından çıxmaq üçün sadaladığımız cərəyanlar özlərinin ənənələrini yaratdılar.

   Avropada adıçəkilən yeni cərəyanların özülü qoyularkən Azərbaycanda dünya rəssamlıq ənənələri peşəkar sənət sahəsi kimi məktəblərdə yeni öyrədilirdi. Düzdür, tarixən Azərbaycan türkləri dünya rəssamlığına miniatür kimi böyük bir dəyər bəxş ediblər. Dinin hakim olduğu XX yüzilin başlanğıcına kimi Azərbaycanda Avropa yönlü peşəkar rəssamlıq, musiqi, heykəltəraşlıq ənənələrinə əsaslanan məktəblər və sənətkarlar olmayıb. Dünya rəssamlığı XX yüzildə realizmdən qurtulmağa çalışanda Azərbaycanda realist rəssamlar nəsli formalaşırdı. Düz 70 il bu ənənə davam etdirilib, insafən gözəl əsərlər də yaranıb.

   Azərbaycanda o zamankı sovet realist rəssamlığına qarşı çıxan az rəssam vardı: Cavad Mircavadov, Rasim Babayev, Kamal Əhməd və başqaları... Onlar dünya rəssamlığında gedən çağdaş proseslərlə ayaqlaşmağa çalışırdılar və özlərinin bu gün də Azərbaycan tamaşaçısı üçün qəribə görünən, anlaşılmayan əsərlərini yaradırdılar.

   İndisə dünya rəssamlığında durum bambaşqadır. Rəssamlar daha çox anlaşılmayan, mücərrəd, açıq desək, “əyri” çəkməyə çalışır və bu qabaqcıllıq sayılır. Bugünkü Azərbaycan rəssamlığının yönü haradır, ideyası nədir? Düzdür, rəssamlarımız dünya ilə ayaqlaşmağa çalışırlar. Ancaq bu ayaqlaşmaq çox vaxt dünyadakılara oxşamaqdan, onun təkrarı olmaqdan o yana keçmir.

   Hər ay paytaxtın sərgi salonlarında bir neçə sərgi keçirilir. Bu sərgilərdə insanda dərin iz buraxan, onu öz təsirində saxlayan, yeni düşüncə yaradan əsərlərə az rast gəlirik. Bəs milli rəssamlığımızın başlıca problemləri nədir? Bu sırada ideyasızlıq daha qabarıq görünür. Orijinal ideyası, gələcəyə baxışı, dünyaya, həyata dərin, fəlsəfi münasibəti olmayan, qlobal mövzularla tamaşaçını düşündürə bilməyən rəssamın əsərləri necə əbədiyaşar ola, gələcəyə necə gedib çıxa bilər?

   İnternet çağında yaşayırıq. Dünyanın istənilən sənət sahələrində, o cümlədən rəssamlıqda qazanılan uğurlar hər gün gözlərimiz qarşısında yenilənir. Onların içərisində insanı heyrətə salan, uzun müddət öz təsirində saxlayan əsərlər çoxdur.

   Hər bir sənətkar yaradıcı gücünü, səviyyəsini başqalarının yaradıcılığı ilə müqayisədə görə, duya bilər. Bu baxımdan beynəlxalq yarışmalar yaradıcı insanlar üçün əsl sənət meydanı, dünyaya çıxmağın, özünü təsdiq etməyin ən yaxşı ünvanıdır.

   Əsl yaradıcılıq dərin düşüncə ilə hissiyyatın birliyindən doğur. Bunların ikisi bir yerdədirsə, mövzu da, əsər də uğurlu alınacaq. Bu baxımdan Azərbaycan rəssamlığının qarşısında duran əsas problem bədii məziyyətin - fantaziyanın, fəlsəfiliyin, fikri aydın, yığcam ifadə etməyin azlığıdır. Sadəcə gerçəkliyi təsvir etmək, fikirsizliyi rəng effektləri ilə ört-basdır eləmək özünütəsdiq üçün yetərli deyil. Tarixdə əbədi qalan yalnız ideyalardır. Əbədi ideyalar tapan sənətkarlar bütün zamanlarda diqqət mərkəzində olurlar.

   Bu gün dünya rəssamlığı da əslində böhran içindədir. Dünya rəssamlığının mərkəzləri sayılan Fransada, İtaliyada modern sənətin onlarda ənənəvi akademik rəssamlığı yoxa çıxardığını artıq dərk edirlər. Onlar böyük səylə itirdikləri, unutduqları klassik, akademik ənənələrə qayıtmağı üstün tuturlar.

   Bununla belə, dünyada, eləcə də bizdə daha çox modern üslubda çəkmək uğrunda yarış gedir. Başa düşmək olar, rəssamlar fotonun gördüyü işi görmək istəmirlər. Amma gerçəkliyin yoxluğu ilə sonuclanan tablo insanı nəyə inandıra bilər? Axı sənətin başlıca işi inandırmaqdır.

   Yəqin insanlarımız sərgi salonlarında, kitablarda, internetdə tez-tez qəliz, palitraya oxşayan rəsm əsərləri görürlər. Niyə rəssam tamaşaçını “müəmma” ilə qarşı-qarşıya qoymalıdır? Yazıçılar, filosoflar əsərlərində fikirlərini elə açıq, anlaşıqlı yazırlar ki, istənilən oxucu onları asanlıqla başa düşə bilir. Rəssamlar isə sanki ona görə qəliz, anlaşılmaz çəkirlər ki, bununla onların “dərin”liyi görünsün. Beləliklə, çağdaş rəssamlıqda anlaşılmazlıq, qəlizlik dərinliyin ifadəsi sayılır. “Anlamamaq tamaşaçının problemidir” deyirlər. Axı dahiliyin başlıca işi çətin bir şeyi başqaları üçün asanlaşdırmaq, anlaşılmayanı hamı üçün anlaşılan, əlçatan eləməkdir.

   Rəssamlar çevrəsində belə bir ifadə var: “Rəssamlıq sənətdir, rəsm əsərini satmaq isə incəsənətdir”. Bu fikir çağdaş rəssamlığın durumunu gözəl anladır.

  

   S.Qaliboğlu

 

 

Mədəniyyət.- 2017.- 23 iyun.- S.16.