Nəşriyyat və redaksiyalar Milli Kitabxananı məcburi nüsxələrlə təmin etməlidir

 

 

 

   Bu sahədə qanunvericilik tələblərinin pozulması ilə əlaqədar respublika müşavirəsi keçirildi

  

   Fevralın 28-də Milli Kitabxanada nəşriyyat və poliqrafiya müəssisələrinin, jurnal və qəzet redaktorlarının iştirakı ilə kitabxananın pulsuz məcburi nüsxələrlə təchizatı tələblərinin pozulması ilə əlaqədar respublika müşavirəsi keçirildi.    

   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq müşavirənin Milli arxiv fondunun yaradılması və bu işin təkmilləşdirilməsinə həsr edildiyini diqqətə çatdırdı. Bildirdi ki, “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” qanunlara əsasən Milli Kitabxana tərəfindən ölkə ərazisində nəşr olunan kitablardan 4, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə alınaraq onların əsasında Milli arxiv fondu yaradılır.

   Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Milli arxiv fondunun yaradılması həmişə dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyevin 20 oktyabr 2015-ci il tarixli sərəncamı ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib. Yeni maddə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulması ilə bağlı inzibati tədbirləri əks etdirir.

   Vurğulandı ki, vaxtilə hər bir nəşriyyat məcburi şəkildə bu işi həyata keçirirdi. Son illərdə, həyatın bütün sahələrində olduğu kimi, mətbuat və nəşriyyat işi sahəsində də inkişafla müşahidə olunan yeniliklər olub. Ölkədə çoxlu sayda qəzet, jurnalkitablar nəşr edilir. Bu nəşrlər haqqında istənilən vaxt informasiya əldə edə bilmirik. Bu gün yeni cəmiyyət formalaşır, qanunvericilik aktları mövcuddur və nəşriyyatlar bütün bunlara riayət etməli, Milli arxiv fondunun yaradılmasında yaxından iştirak etməlidirlər.

   Qeyd olundu ki, məcburi nüsxəni təqdim etməkdən boyun qaçıran təşkilatlar məsuliyyət daşıyırlar və bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək. Bu işin təkmilləşdirilməsi və həyata keçirilməsi üçün nazirlik tərəfindən xüsusi komissiya yaradılıb. Komissiya məcburi nüsxələrin verilməsinə nəzarət edəcək, eyni zamanda o, qanuna əməl etməyən mətbu orqanlara qarşı ölçü götürülməsi ilə bağlı müraciət etmək hüququna malikdir.

   Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Milli Kitabxana bərpa-nəşr işini həyata keçirirbu layihə yenidən nəşr edilən kitabların və tarixi məlumatların cəmiyyətimizə çatdırılması baxımından çox əhəmiyyətlidir: “Müharibə şəraitində yaşayan ölkə kimi bu gün biz hər an ideoloji və mədəni təcavüzlə rastlaşırıq. Bütün bunların qarşısını almaq üçün maariflənmək və eyni zamanda bu gün baş verən hadisələri, həqiqətləri gələcək nəslə real təqdim etməyi öhdəlik və məsuliyyət kimi qəbul etməliyik. Ölkədə fəaliyyət göstərən bütün mətbu orqanlar bunu bir vətəndaşlıq məsuliyyəti kimi hiss etməlidirlər. Məcburi nüsxəni təqdim etməyən təşkilatlar anlamalıdırlar ki, biz tarixin və hadisələrin müəyyən bir parçasını itiririk. Bu isə yolverilməzdir. Mətbuat Şurası və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) nəşriyyatların məsuliyyətlərini artırmalı, sözügedən məsələdə ictimai rəyin formalaşmasında yaxından iştirak etməlidirlər”.

   Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın müasir nəşriyyat sistemini dünyaya tanıtmaq, təbliğ etmək istiqamətində müəyyən işlər həyata keçirir. Bu məqsədlə mütəmadi olaraq beynəlxalq kitab sərgilərində ölkəmizin nəşriyyat sahəsində imkanları təbliğ olunur. Eyni zamanda Bakıda keçirilən ənənəvi beynəlxalq kitab sərgi-yarmarkalarında nəşriyyatlarımız və onların məhsulları təqdim olunur. Bu ilin 28-30 sentyabr tarixində paytaxtımızda 5-ci beynəlxalq sərgi-yarmarka təşkil olunacaq. Vurğulandı ki, Milli arxiv fonduna daxil olan nəfis tərtibatlı kitablar və mətbu nümunələr beynəlxalq sərgilərdə nümayiş olunduğu üçün bütün bu proses vahid konsepsiyaya uyğunlaşmalıdır.

   Son illər kitabxana sistemində aparılan təkmilləşmə işi barədə söz açan Əbülfəs Qarayev nəşriyyatlar tərəfindən məcburi nüsxələrin elektron variantının da arxivə təqdim edilməsi təklifini irəli sürdü.

   KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Azərnəşr”in direktoru Azər Mustafazadə, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsədzadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycan mətbuatının və nəşr məhsullarının Milli arxiv fondunda mühafizə olunaraq gələcək nəsillərə çatdırılması üçün Milli Kitabxananın yeganə uyğun məkan olduğunu diqqətə çatdırdılar. Çıxışlar zamanı nəşriyyat işində milli standartların hazırlanması, mətbəələrlə əlaqələr, regionlarda çap edilən mətbuat nümunələrinin də arxivə cəlb edilməsi, dünya arxivlərində saxlanılan Azərbaycan mətbuat və kitab nümunələrinin ölkəyə gətirilməsi və s. məsələlərlə bağlı fikir və təkliflər səsləndirildi.

   Müşavirə iştirakçıların sualları və müzakirələrlə davam etdi.

  

   Lalə Azəri

 

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.3.