Tarixi yazıçı - keşməkeşli yaşam, işıqlı qələm sahibi - Fərman Kərimzadə

 

 

     Dünya və Azərbaycan ədəbiyyatı aləmində bu yön-genli ədiblər az olmayıb. Ancaq onlardan çoxununyol vərəqi” qaçılmaz “təbii” bəxt-taledən və ya süni ictimai-siyasi mühit diktəsindən verilib. Gələcəyin bu böyük yazıçısının (rəssam, kinoredaktor, ssenaristinin) taleyisə lap kiçik yaşlarından “palaza bürün, elnən sürün”lüyə timsal olub...

  

   Bu sənətkarı bu yazının bir qədər aşağıdakı “eycahan” hissələrinin daha yaxşı açacağı qənaətilə, “rəsmi” hissəni birnəfəsə təqdim edirəm.

   1937-ci il martın 3-də Vedi rayonunun (Ermənistan) Böyük Vedi kəndində anadan olmuş Fərman Kərimzadə ibtidai təhsilini orada almış, məlum deportasiya səbəbilə orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirmiş, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib, Moskva Kinematoqrafiya İnstitutunun (ssenari) məzunu, 1968-ci ildən AYB-nin, sonralar “Azərbaycanfilm” kinostudiyasında kollegiya üzvü olmuş, Azərbaycan Teleradiosunda tərcüməçi, baş redaktor, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, Şüvəlan “Yaradıcılıq evinin direktoru işləmiş, “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsəri əsasında “Axırıncı aşırım” filmi çəkilib), “Qoca qartalın ölümü” və başqa maraqlı əsərlər yazmışdır.

   Bunlar tək elə qələmlə yazılmışdımı? Yox, bu əsərlər fiziki zəhmətlə bərabər, həm də kənardan edilən leqal, qeyri-leqal müdaxilələr “hesabına” mənəvi-məşəqqəti -

  

   Ələmlərlə yaradılmışdı!

  

   Həyatıyla yaxından tanış olduqca, ədəbiyyata iki səhifəlik (“41 nömrəli ayaqqabı”) hekayə ilə gəlmiş bu görkəmli yazıçını, bu dünyanı, göz açdığı ilin (1937!) zindananə yüküylə addımladığı qənaətinə gəlirsən. Belə bir yük altdatarixi yaddaş”ın korşalmamasına, Azərbaycanın tarixi həqiqətlərini aça-aça, bu qədər ədəbi-bədii donlu qəhrəmanlıq səhifələri yaza bilməsinə isə heyran qalmaya bilmirsən. Elə bir dövrdə, fəsil-fəsil (filmdə kadr-kadr) sevdirdiyi birvraqnarodun dilindən “Ə, nə hökumət, hansı hökumət?! Mən belə hökumət tanımıram!” demək asanmı idi?!.

   Sağlığında millətçi irsi adına kifayət qədər “döyülmüşbu yazıçı tənqid və mətbu səhifələrdə kifayət qədər də öyülüb. Abbasqulu bəy necə böyük sərkərdə idisə, Fərman Kərimzadə də elə böyük yazıçı idi”, “Sovet hökumətinin cağ çağlarında yazılmış “Qarlı aşırım”da türk ordusuna açıq-aşkar ifadə edilən rəğbət və s. nüanslara görə ədalətli araşdırmaçılar Fərman Kərimzadə yaradıcılığını 80-ci illərin sonlarında başlayanbütün dünyaya səs salan milli-azadlıq hərəkatımızın bədii-mənəvi bazislərindən sayırlar”, “O, içindəki göynərtisi, iztirabı, başı üstündəki tüstü-dumanıyla sanki Ağrı dağıydı...”, “Fərmanın da, Azərbaycan sevdalısı Xudu Məmmədov kimi, qəlbi milli dərd-ələm ağırlıqlarına dayana bilmədi. 1989-cu ildə gözlərini əbədi yumdu dünyaya...” və sair.

   İki siyasi quruluşun - çarizmsovetizmin anti-beynəlxalq norma aşırılıqlarını qəribə bir sətiraltılıqla ifşa edən “Qarlı aşırım”ından sonra 10 ildən bir qədər atıq “susan” ədib, sən demə, gecə-gündüz mütaliə edə-edə, siyasi qaranlıqlara gömülmüş materiallar toplaya-toplaya yeni bir tarixi roman üzərində işləyirmiş. Nəhayət, həmin əsər 1982-ci ildə “Xudafərin körpüsü” adıyla çıxdı aydınlığa. 1988-ci ildə isə 300 səhifə və 65 min tirajda “Çaldıran döyüşü”!

   Küllən milli, bənzərsiz xəlqi, bütün mahiyyətilə türksəl-yüksəl bir ömür yaşamış bu yazıçı “dost-yoldaşlıq” yaradıcılığı sarıdan da (“tostluq da öz yerində) seçilib. Özü də tək elə Azərbaycanın yox, böyük türk dünyasının klassik (fiziki və mənəvi) sərhədləri içi və çöllərindəki (“çelnı”larındakı) özgür ziyalılara qədər. Amma təbii ki, o dost-yoldaşlar içərisində ömür-gün yoldaşı Xalidə xanım qədər yaxından-yaxını, hər an-günlük, uzun aylar-illərlisi olmayıb. Elə olmasaydı, belə deməzdi: “Fərmanlı illərimi söhbətə çəkmək mənimçün çox çətindir, vallah! Danışsam, gərək hər nəfəsbaşı dayanıb, hönkür-hönkür ağlayam!..”

  

   Görəsən, nədən?..

  

   Baxaq görək...

   Heç” nə...

   Bu xanım niyə hönkür-hönkür ağlamasın ki, baxıb görürmüş - “dünyanın düz vaxtlarında” qələm-kağız yorğunluqlarından savayı bir şikayəti olmayan bu kişini 20 Yanvar barbarlığı zamanı Mirzə Xəzərlə radio-söhbətinə görə hər yön-hər tonda incitməyə başlayıblar...

   Bu qadın ermənilərin Abbasqulu bəyin qəbri üstünə qır tökdükləri xəbərini eşidəndə ərinin uşaq kimi ağladığının şahidi olub.

   Bu ziyalı xanım işi başından aşan kişisinin Şərur rayon Partiya komitəsi katibinin Arpa çayı üstündəki təmtəraqlı qonaq evini alıb Abbasqulu bəyin xatirəsinə gözəl bir muzey düzəldibmiş.

   Bir də görərdik, kimsə qapını döydü və qayıtdı ki, “tələbəyəm, atam deyib, pulun qurtarsa, get Fərman müəllimdən al...”

   Hərdən də eşidirmiş ki, “beynimdə 14 əsərin planı var”. Məsələn, Nəsirəddin Tusi haqqında irihəcmli bir roman yazırdı. Əlyazması da var...

   Sonda da eşidəcəkmiş (və deyəcəkmiş) ki, “ömür-billah başı bir yol da ağrımamış sap-sağlam bu kişinin Tərtərdə beyninə qan sızıb...”

   Nəysə, nəhayət, ədibin həyat yoldaşının müsahibələrindən yadımda qalanlar aşağıdakılardan ibarət:

   Kinostudiya işçiləri binasının pəncərəsindən baxırdım ki, hamı dayanıb söhbət edir, deyib-gülür, Fərman isə yoxdur(?!). Dözə bilmirdim...

   Qızlar köçmüşdü. Bir oğlum idi, bir də mən. Əzizə dedim, evi sat, gedək burdan. Tab gətirə bilmirəm. Lap ilk görüşümüzdəkindən artıq bir həyəcan...

   Mən oxuduğum Tibb məktəbində Fərmanın kəndçiləri vardı. Tez-tez gələrdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər. Görürdüm, hər gün məktəbin qabağında dayanıb, bizə baxırdı. Elə bilirdim rəfiqəm Gülçöhrəni istəyir. Bir dəfə mənə məktub verdi, aparıb dedim Fərman sənə məktub göndərib. Məktubu açıb görək, nə?!.

   Nəysə, qardaşı, əmisi oğlanları yığışıb məni qaçırdılar İmişliyə. Atası dedi, məktəbdə oxuyan qızı qaçırıbsan, səni tutduracaqlar. Amma sonra qayınatam özü gəlib bizi apardı evlərinə. Fərmanın 21, mənim 19 yaşım vardı. Toydan sonra şəhərə qayıdıb, tələbəliyimizi davam etdirdik.

   Mən bədii ədəbiyyatı çox oxuyurdum və Fərmanın yazıçı olduğunu biləndə, daha çox sevindim.

   “Qarlı aşırım” romanı Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirdi. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl almışdı. Getdik Moskvadan mer-mebel, uşaqlara pal-paltar aldıq. Özünə birJiquli” də aldı. Film çəkiləndən sonra - 1973-də bizə kinostudiyanın binasından 5 otaqlı ev də verdilər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşmüşdü.

   Fərman qəni-qəni rəhmətlik Adil İsgəndərova dedi, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.

   Fərman eynilə atası kimi - İrəvan mahalında adlı-sanlı, hörmətli adam olmuş Şıxəli oğlu İsmayıl kişi idi. O kişi o qədər təmiz adam olub ki, kolxozda partkom işləyən qızına deyərmiş həyətə girməmiş ayaqqabılarını çıxar çırp, birdən içindən həyətimizə bir buğda düşər, haramlıq olar...

   İndilər də oğlumuz Əziz! Universitetdə oxuyanda əynini həmişə yuxa geyirdi. Ana ürəyim dözmürdü, deyirdim, ay bala, soyuq olar, əynini qalın elə, hər dəfə atasının “dil-üslubunda bir bəhanə gətirərdi. Mən məsələni ciddiləşdirəndə isə “ay ana, kənddən gələn tələbə yoldaşlarım arasında dərsə pencəklə gələnlər də var, mən bu bahalı paltonu necə geyim gedim?” - dedi...

   Vallah, şöhrət, pul, filmlər, kitablar... heç biri gözümdə deyildi; tək istədiyim Fərmanın cansağlığı idi.

   Amma gör fələk nə saydı... Vediyə görə, hər fürsətdə izzətsizləşdirilən bu millətin iztirablarına görə, axırda ürəyini də partlatdı...

   Fərmanın bütün nəslinin taleyinə qəriblik yazılıbmış; atası Beyləqanda, anası Bakıda, qardaşı Mehdiabadda, bacısı Binəqədidə dəfn olundu. Hamısı bir-birindən ayrı düşdü...”

   Bu bircə vərəqlik xatirə, zənnimcə, öz çoxkəmiyyət-çoxkeyfiyyətli əsərlərilə yaradıcılıq portretini yaratmış görkəmli yazıçımızın həyat portretini də yaratmış oldu...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.13.