Mədəniyyət və turizm naziri Almaniyada səfərdədir

 

 

 

   Ölkəmiz “İTB Berlin” beynəlxalq turizm sərgisində geniş heyətlə təmsil olunur

  

   Martın 8-də Almaniya paytaxtında “İTB Berlin” beynəlxalq turizm sərgisi işə başlayır. 50 ildən artıqdır ki, keçirilən sərgidə 150-dən artıq ölkənin, o cümlədən Azərbaycanın turizm imkanları nümayiş olunacaq. Martın 12-dək davam edəcək tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.  

   Mədəniyyət və turizm naziri martın 7-də Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz dostluq qrupunun sədri xanım Karin Ştrens ilə görüşüb. Görüşdə Almaniya-Azərbaycan əlaqələri, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin qeyd edilməsi və s. məsələlər barədə ətraflı müzakirələr aparılıb.

   Nazir Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə kimi tanındığını vurğulayaraq xanım deputatı ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli tədbirlər barədə də məlumatlandırıb. Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın mədəniyyətinə vurulmuş ziyan xüsusilə qeyd edilib. Karin Ştrens həmçinin cari ilin 5-6 may tarixində Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

   Qeyd edək ki, martın 8-də nazir Əbülfəs Qarayevin “İTB Berlin” sərgisində Azərbaycan stendinin açılışında, həmçinin, sərgi çərçivəsində keçiriləcək İpək Yolu ölkələri turizm nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakı planlaşdırılır.

   Nazirin Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Almaniya Bundestaqının Turizm komitəsinin sədri Hayke Bremer, “İTB Berlin” sərgisinin rəhbəri David Rüts ilə görüşləri də nəzərdə tutulur.

  

   * * *

   Azərbaycan Berlin sərgisində 2002-ci ildən başlayaraq hər il təmsil olunur.

   Budəfəki sərgiyə ölkəmizdən 20-dən çox turizm şirkəti və hotellər, həmçinin IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” Azərbaycan Qran-prisinin təşkilat komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti qatılıb.

   Azərbaycanın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 94 kvadratmetr sahədə qurulmuş milli stenddə nümayiş olunacaq. Stenddə monitorlar vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafından bəhs edən tanıtım filmi və çarxları göstəriləcək, ziyarətçilərə reklam-çap məhsulları paylanılacaq, turizm imkanlarımız barədə ətraflı məlumat veriləcək.

   Stendi ziyarət edənlər bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” Azərbaycan Qran-prisi haqqında da ətrafı məlumat ala biləcəklər. Həmçinin, turizm şirkətləri arasında əməkdaşlıq müzakirələri aparılacaq.

   Qeyd edək ki, dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “İTB Berlin” sərgisinin pavilyon və stendləri “Messe Berlin” kompleksində 160 min kvadratmetr sahədə və 26 sərgi zalında nümayiş olunur.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.2.