Sənətin qadın ucalığı
Mədəniyyət,
ədəbiyyat, incəsənət
tariximizdə iz qoymuş, ilklərə imza atmış xanımlar
Deyirlər, dünyanı gözəllik
xilas edəcək.
Bu gözəllik isə ancaq qadınların sayəsində
mümkün olacaq.
Lakin Azərbaycan qadını tarixin bütün dövrlərində sübut
edib ki, dünyanı öz gücü ilə də xilas etmək
bacarığına malikdir.
Rəssamlarımız, bəstəkar və
müğənnilərimiz, kino və teatr
aktyorlarımız arasında
yüzlərlə qadın
sənətçimiz var
ki, ölkəmizin mədəniyyətinin zənginləşməsinə
öz töhfələrini
verirlər.
Bu yazıda
isə Azərbaycanın
mədəniyyət, ədəbiyyat,
incəsənət tarixində
rolu olan və ilklərə imza atan qadınlardan
söz açacağıq.
Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi,
XI əsrin sonları
- XII əsrin əvvəllərində
yaşamış Məhsəti
Gəncəvini ilk məşhur
Azərbaycan şairəsi,
ilk şahmatçı qadın,
ilk görkəmli qadın
musiqiçimiz də adlandırmaq olar.
Parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət, Azərbaycan mədəniyyətində
və ictimai həyatında dərin izlər qoymuş zəmanəsinin görkəmli
simalarından olan XIX əsrin görkəmli şairəsi Xurşudbanu
Natəvan təkcə
ölkəmizdə deyil,
bütün Cənubi
Qafqazda xeyirxahlığı
və mesenatlığı
ilə tanınmışdır.
XIX əsrin
50-ci illərində Zaqafqaziyada
fəaliyyət göstərən
“Müqəddəs Nina” cəmiyyətinin
Azərbaycanda eyniadlı
qadın təhsil idarəsi fəaliyyətə
başlamışdır. Burada 17 nəfər azərbaycanlı qadın
var idi: Fatma Əsədbəy, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya
və digərləri.
1850-ci ildə maarifpərvər
qadın Dilbər xanım atası Mirmahmud ağanın köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açaraq
on ildən artıq şəriət, ana dili, nəğmə və s. dərsləri tədris etmişdir. 1901-ci ildə H.Z.Tağıyevin
həyat yoldaşı
Sona xanımın rəhbərliyi altında
Bakıda Qız məktəbi fəaliyyətə
başlamışdır.
* * *
Azərbaycanın ilk professional qadın müğənnisi Şövkət
Məmmədova Milanda
musiqi təhsili almışdı. Moskva,
Kiyev, Sankt Peterburq,
Paris və digər şəhərlərin səhnələrində
çıxış edən
müğənni pedaqoq
kimi yeni ifaçılar nəsli yetişdirmişdir.
Reyhan Topçubaşovaya Azərbaycanın ilk qadın
rəssamı olmaq şərəfi qismət
olmuşdur. Əməkdar
incəsənət xadimi
adına layiq görülmüş
rəssam 1931-1935-ci illərdə
Azərbaycan Dövlət
Rəssamlıq Texnikumunda
oxumuş, 1941-1945-ci illərdə
Azərbaycan Rəssamlar
İttifaqı İdarə
Heyətinin sədr müavini olmuşdur.
İlk azərbaycanlı qadın teatr rəssamı Bədurə
Əfqanlı 1931-ci ildə
Bakı Rəssamlıq
Məktəbinin Qrafika
şöbəsində təhsil
alıb. Onun ilk tərtibat
verdiyi səhnə əsəri Rza Əfqanlının (həyat
yoldaşı) quruluşçu
rejissor olduğu “Qaçaq Kərəm” tamaşası olur. Onlar uzun illər birgə çalışır,
bir çox tamaşalara uğurlu səhnə həyatı verirlər. Bədurə Əfqanlının eskizləri, bədii tərtibat verdiyi əsərlər özündən
sonrakı rəssamlar
üçün bir məktəb olmuşdur.
Azərbaycan rəssamlıq sənətinin
inkişafında qadın
rəssamların rolu danılmazdır. Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şaxtaxtinskaya
və başqalarının
müxtəlif janrlarda
yaratdıqları əsərlər
bu gün də muzeylərimizin ekspozisiyalarını bəzəməkdədir.
* * *
Azərbaycanın ilk qadın kinorejissoru
və ölkəmizdə
ilk uşaq filminin yaradıcısı, rejissor
Qəmər Salamzadənin
də adı hörmətlə yad olunur. Satirik şair Əliqulu
Qəmküsarın qızı
olan Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirmişdi. O, ötən
əsrin əvvəllərində
məşhur rejissorların
emalatxanasında rejissorluq
sənətini öyrənmişdi.
Milli kinomuzun yaradıcıları
sırasında kinorejissor
Zeynəb Kazımova, Gülbəniz Əzimzadənin
xatirəsi bizim üçün əzizdir.
Azərbaycanın
ilk balet rəqqasəsi
Qəmər Almaszadə
1937-ci ildə Azərbaycan
Dövlət Filarmoniyasının
nəzdində Dövlət
Mahnı və Rəqs Ansamblının əsasını qoyur,
1939-cu ildə Bakı
Xoreoqrafiya Məktəbində
ilk rəqs dərsini deyir və daha
sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə
Əfrasiyab Bədəlbəylinin
"Qız qalası"
baletində ilk professional çıxışını
edir.
Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadə Azərbaycan
Dövlət Konservatoriyasını
bəstəkarlıq ixtisası
üzrə bitirmiş
ilk azərbaycanlı qadındır.
O, Ü.Hacıbəylinin təşəbbüsü
ilə “Arşın
mal alan” operettası əsasında
çəkilmiş bədii
filmdə (1945) Asya rolunu ifa etmişdir.
Ə.Hüseynzadə eyni zamanda bir çox janrlarda musiqi əsərlərinin də
müəllifidir və
vokal ustası kimi tanınmışdır.
* * *
Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı Kövkəb Səfərəliyeva 1926-cı ildə Bakıda Musiqi Texnikumunu bitirir və onu Türk Qadın Seminariyasına işləməyə dəvət edirlər. Burada Üzeyir bəylə tanışlığı və birgə fəaliyyətləri başlayır. K.Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir, bu tədris müəssisəsinin professoru olur. O, 1937-ci ildə konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) əsasını qoyur və ona rəhbərlik edir.
Pianoçu Xədicə Qayıbovanın adı isə təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan musiqiçi kimi tarixə düşmüşdür.
Xalq artisti Şəfiqə Axundova Şərqdə ilk opera ("Gəlin qayası") yazan qadın bəstəkar kimi xatırlanır. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların, simli kvartet üçün pyeslərin, tamaşalara musiqilərin müəllifidir.
Əməkdar incəsənət xadimi Xurşid Ağayeva ilk azərbaycanlı musiqişünas qadın hesab olunur. O, Üzeyir bəy haqqında ilk monoqrafiyanın müəllifidir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsini həyata keçirmişdir.
* * *
Tarzən, bəstəkar Hökümə Nəcəfova İ.Əbilov adına Mədəniyyət evində Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alıb. Hökümə Nəcəfova bir çox məşhur mahnıların ("Kaş ki gözəl olmayaydım", "Səninləyəm", "Qaça bilməzsən məndən, ey yar", "Ceyran balası" və s.) müəllifidir.
Tarixçi, şərqşünas Sara Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. O, müəllimi Ü.Hacıbəylinin dəvəti ilə 15 il konservatoriyada xarici dildən dərs demişdir.
Mədəniyyətimizin müxtəlif sahələrində öz fəaliyyətləri ilə silinməz iz qoyan qadınlar bu gün də var və bundan sonra da olacaq. Yer üzünün zərif nümayəndələri olan qadınlar həyatın bütün gözəlliklərinə layiqdir.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 8 mart.-
S.10.