"Anam mənim - dünyam mənim"

 

 

   Mədəniyyət müəssisələrində silsilə tədbirlər

 

 Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib.

   Sumqayıt Dövlət Rəsm Qalereyasında dekorativ-tətbiqi sənət nümunələrindən ibarət satış-sərgi təşkil olunub. Şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında Azərbaycan qadınını vəsf edən şeir nümunələri səslənib, mahnılar dinlənilib, müxtəlif xalqların rəqsləri izlənilib.

   Nəriman Nərimanov adına Mədəniyyət mərkəzində bayram münasibətilə "Anam mənim - dünyam mənim" adlı konsert təşkil olunub. Konsertdə "Xəzri", "Dəcəllər", "Olleqro" rəqs qrupları, müğənnilər çıxış ediblər.

   Q.Qarayev və F.Əmirov adına uşaq musiqi məktəblərində keçirilən bayram tədbirlərində şagird və müəllim kollektivinin ifasında konsert proqramı nümayiş olunub, şeirlər söylənilib.

   S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi şəhərin 43 saylı uşaq bağçasında bayram şənliyi təşkil edib. Şənlikdə “Bənövşə” qrupunun fidanlarının ifasında şeirlər və musiqi nömrələri böyük maraqla qarşılanıb.

   Qubadlı rayon Mədəniyyət evində, rayonun Mahmudlu kənd klubumusiqi məktəbində konsert proqramı təşkil edilib, rəngarəng musiqi nömrələri ifa olunub.

   Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbində də bayram konserti keçirilib.

   Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbində təşkil olunan bayram tədbirində muğam parçaları ifa olunub, şeir nümunələri səslənib, xanım müəllimlər fəxri fərmanla təltif olunublar.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.4.