Başdan-başa dram Adam
10 mart Mirzə Fətəli Axundzadənin xatirə
günüdür
Yüz əlli ilə yaxındır əsərləri səhnələrdən düşməyən bani dramaturqumuzun “fani” həyat dramlarından...
Şərqin bu böyük mütəfəkkiri ölüm yatağında...
Başına yığılmış “böyük, yaxın, uzaq əşxaslar”dan general Yadigarov:
- Mirzə, Siz nə sayaq dəfn olunmaq istərdiniz?..
- Bilirsiniz ki, mən heç
bir dinə inanmıram. Ölülərin əziyyətlərindən dirilərin nə sayaq xilas olmalarının
mənimçün elə
bir əhəmiyyəti
yoxdur. İstədiyiniz
kimi dəfn edə bilərsiniz...
Mütəfəkkir-ədibin həyat dramının
bu “son şəkil”i nə? Böyük Oluma “yük” Ölüm?..
Onun əsr yarımdır
səhnələrdən düşməyən
əsərləri haqda
danışmağa hə
ehtiyac? Bu əsərlər
Mirzə Fətəli
Axundzadənin sənətkarlığı
haqda necə fikir və qənaətlər
yaradırsa, məktubları
da onun şəxsi-ictimai
həyatı - ali milliliyi, fədakar ziyalılığı,
iman və inam sağlamlığı
barədə eləcə
şəhadət verir.
İş (partiya-sovet “iş”i) elə gətirib ki, “dinsiz” Mirzə
Fətəli çarizmdəki
“musurman”, sovetizmdəki
“ateist” xalqımıza,
əsasən, “Kəmalüddövlə
məktubları” ilə
tanınıb. Özü də,
“tərslikdən”, bu böyük sənət nümunəsi o qədər
güc-qüdrətli olub
ki, onun digər sənəd-məktubları
dövrün diqqət
kölgəsində qalıb.
Elə bu məqam qeyd etməli ki, öz dövrünün bütün “nələr-nəsnələr”indən
baxəbər olan bu böyük filosof-ədib, çox ayıq-sayıq Zat əski Türk düşüncəsindəki “Allah və bəndə var - araçı yox” və qeyri-müsəlman
bir müdrikin “Əgər Allah olmasaydı
da, onu uydurmaq
lazım idi” fəlsəfələrindən də xəbərdar idi. Əlavə edək ki, o, kütlələrin Tanrıya
tapınmasının araçısız
- peyğəmbər-imamlarsız (şagirdin elm-bilik, şəyirdin sənət-peşə
öyrənməsi müəllimsiz-ustadsız
mümkün olmadığı
kimi) hasilə gələn iş olmadığını da
bilməmiş deyildi.
Bəs nədən bu böyük biləndər
dövri olaraq (hətta ölümyatağı
vəsiyyətində belə!)
“bütün dinləri puç və əfsanə hesab edir”di?
Bu sualı
konkret-“resept”ual cavablamaq mümkün olmasa da, ətrafında
yarı elmi, yarı helmi gəzişmək mümkün.
Bəli, onun gördüklərilə
bildikləri arasında
yer-göy (öz düşüncəsinə müvafiq
təbircə; “o dünya-bu
dünya”) qədər
fərqlər vardı.
Bu qələm azmanının
sözügedən məntiqi
nəticələrə gəlməsinin
başlıca səbəblərindən
biri də, “qılınc müsəlmanı”nın, böyük İslam-inanc mədəniyyətinin
əsaslarına deyil,
onun təbliğatındakı
“bekara”çılıqlara - daim hüznlü dünənə bağlaşıb-ağlaşmaqla,
qurucu sabahdan uzaşmalara meyllənməsi
idi. Və sizcə də,
həmin “puç və əfsanə” doktrinasını, heç
vəchlə islah olunmayan əziz-xələf
uşağının təlim-tərbiyəsinə
hamıdan məsul fədakar bir ananın “gəlsəm, səni tikə-tikə doğrayacağam!” “ultimatum”u kimi də qiymətləndirmək
olmazmı?..
Bu milli ədəb-irfani Atanın
dinsizliyi də, daha çox, küll-soydaşlarının sabahına
məsulluq yanğısından
yana imiş; öz kütlə-balasının
yüz illərin təziyə “inqə”sindən
xilası üçün
ürəyində “əstəğfürullah”,
dilində “puç və əfsanə”...
Buna “subyektiv” eyhamı ilə yanaşanlar bu məşhur “dinsiz”in o çağ Qafqazının
ən əxlaqlı, səviyyəli, milli məfkurəli şeyxləri,
axundları, müftilərilə
necə yaxın münasibətlərdə olması
faktlarını (məsələn,
o zaman bu xalqın milli-mənəvi
övladı olaraq doğulası “Əkinçi”
qəzetinin nəşri
məsələsində H.Zərdabiyə
Şeyxülislam və
Müftinin dəstəyinə
də Mirzə Fətəli nail olmuşdu)
əks etdirən neçə-neçə tarixi
mənbələrlə baş-başa
buraxılır...
Böyük ədəbi-ictimai islahatlar
müəllifini “puç
və əfsanə” leytmotivinə məhkum edən mental-mənəvi
səbəbləri bütün
əvvəlkilərdən daha
aydın və mübahisəsiz bəyanlayan
son məktubdakı iki
kəlməni ilk yarımbaşlığa
çevirirəm: -
“Afərin oxuyaq”...
Ölümündən
az əvvəl, “Əkinçi” qəzetində
din şəbihçiliyinin qızğın müdafiəçisi
kimi çıxış
edən bir kapitana yazdığı məktubdakı bu kəlmələr böyük
Mirzəmizin islama “leh-əleyh” münasibətlərini
xeyli dərəcədə
incələmiş olur.
Əsl dinsiz bolşevizmin xüsusi vurğu ilə “alovlu ateist” (əslində, islamsız)
kimi təqdim etdiyi Mirzə Fətəli həmin məktubunun sonunda toxunacağı vacibatlara əvvəlindəki həqiqətlə
ayaq verir, islamın ən universal-ruhsal daşıyıcılarından,
xüsusən, öz ideya sarayına çatımı uğrunda
hər an ölümə
hazır olan İmam Hüseyndən ehtiramla söz açır, o ərəbi
türkün ana dilində belə qutlayır: “...Biz gərək
öylə cavana afərin oxuyaq və mərdanəliyindən
fəxr edək!”
“Afərin oxuyaq”... Bu, hər
saat, hər gün eşitdiyimiz “rəhmət” kəlməsindən
azmı sevgiylə səslənir? Bəşər
imanlı Mirzəmiz doğmalarımız üçün
belə söyləyirdi
həmin məktubunda:
“Əgər biz istəyirik
ki, bir günə
əməllərlə İmam
Hüseyni özümüzdən
razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, onda gərək onun təziyədarlığından əl çəkib, bu şəbihlərə sərf olunan pullar ilə hər şəhərdə
o həzrətin şiələrinin
övladlarına təlim-tərbiyə
vermək üçün
məktəbxanalar açaq
və hər məktəbxananın qapısında
yazıb yapışdıraq
ki, İmam Hüseyn Əleyhissəlamın
eşqinə bu məktəbxana bərpa olunubdur”.
Nəysə...
İki böyük Olum
Yuxarıda məcazi mənada (və bədbin tonda) işlətdiyim “olum”-“ölüm” kəlmələrini indi
tam əks mənalarda
təkrarlayıram: biri
1812, o biri 1873 tarixçələrində.
Biri Şəkidə, o biri Bakıda. Biri Adəmdən üzübəri
növbəti canlı
kimi, o biri - böyük Azərbaycan hadisəsi olaraq, bəşər mədəniyyətindən
üzübizə. Biri kasıb
bir həyət komasında, o biri - o günədək görünməmiş
həyat-sənət məkanında
- səhnədə. Demək olmaz
ki, - əgər birinci Olum olmasaydı,
ikinci olmayacaqdı.
Yox, olacaqdı. Amma, kim bilir,
nə qədər gecikibən. Bu isə, böyük müasir şairimizin möhürlədiyi
məsələ; “görüm
ayılmasın - gec ayılanlar”...
Yenə nəysə.
Mirzə Fətəli Axundzadə və Azərbaycan Teatrı!
Hər il doğum gününü qutlayıb, ölüm gününü andığımız milli Müəllifimiz və hər il yaranış gününü bayramlayıb, əbədiyaşarlığına inandığımız milli Teatrımız...
Bunlar ovaxtlaradək yalnız həyət-baca, çöl-bayır səhnələrində oynadılan, “əməkçi insan surəti” kimi “aforizm”lərlə öyülüb, “vraqnarod” kimi “afirist”liklərlə döyülən bu xalqı bir qurşaqlıq ucalığa - teatr səhnəsinə qaldırdılar.
Birinci Olumçunun imzası sonraların neçə-neçə yeni olumlarında da göründü. Bu imzalar milli hədəfləri axtarıb-arama, ümumxalq işığını yandırma eşqilə atılırdı. Böyük islahatçı-ədib əlifba dəyişiminə dair fikirlərini başqalarıyla bölüşmə cəhdlərilə bağlı məktublarında da məqsəd-məramının daha geniş arealda yayımı üçün ciddi və orijinal metodlara səy edirdi. O, iranlı Mirzə Yusif xana yazırdı: “Ruhulqüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün saydığınız hər kəsə verin, oxusun. Kitabçanın məzmunu və əqidəsi haqda oxucuların fikrini zəhmət çəkib bizim üçün yazın ki, mənim və cənab Şeyxülislamın arasında müzakirə vasitəsi olsun”.
Ədibin başqa bir məktubu isə, bəlkə də bir “institut işi”: “Cənab Şeyxülislamla birgə xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni sait və samit hərflərin şəkillərini - çap nüsxəsi olarsa, çap olunmuş halda, olmazsa, qələmlə yazılmış halda - çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirə bilək”.
Böyük mütəfəkkirin “Kəmalüddövlə məktubları”ndakı (daha çox rasional, bəzən irrasional) fikirləri, düşüncələri ovaxtdan-buvaxta ədəbiyyatşünas alimlərin, ədəbi publisistikanın əbədi tədqiqat mövzusu olaraq qalmaqda. “Yazışma ədəbiyyatı”nın şah nümunəsi hesab ediləsi bu əsərlə digər məktublarının məcmusu Mirzə Fətəlinin yaşadığı milli ömür-həyat nəbzini də sərgiləməkdə...
Allah rəhmət eləsin...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 10 mart.-
S.11.