Dünya şöhrətli ifaçının ustad dərsləri

 

 

 

   Uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq təcrübəli mütəxəssislərin, tanınmış müəllimlərin ustad dərsləri təşkil edilir.

   Bu məqsədlə ölkəmizə dəvət olunan dünya şöhrətli violin ifaçısı, dirijor, LondonBelçika Kral akademiyalarının professoru Leonid Kerbel martın 14-dən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin böyük zalında ustad dərsləri keçir.

   Martın 17-dək davam edəcək ustad dərslərində paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri və istedadlı şagirdləri iştirak edəcək.

   Qeyd etmək lazımdır ki, ustad dərsləri çərçivəsində seçim turundan keçən istedadlı şagirdlər Belçikada hər il keçirilən "Musica Mundi" festivalına dəvət alacaq. Yüksək hazırlıq səviyyəsi ilə seçilən şagirdlər üçün festivalın təşkilatçıları tərəfindən xüsusi təqaüdün ayrılması da nəzərdə tutulub.

 

Mədəniyyət.- 2017.- 15 mart.- S.3.