“Sənətə sədaqət”

 

 

 

   Muzeydə kitab təqdimatı

  

   Martın 25-də Üzeyir Hacıbəylinin mənzil-muzeyində tədqiqatçı Əhsən Rəhmanlının tanınmış kamança ifaçısı, Əməkdar artist Mirnazim Əsədullayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə sədaqət” kitabının təqdimatı keçirildi.   

   Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov bildirdi ki, dərin rəğbət hissi ilə yazılan kitabda müəllif çox incə mətləblərə toxunmaqla bərabər, əsl sənət adamının bütövlüyü məsələsini də ustalıqla verib.

   Müəllif Əhsən Rəhmanov çıxış edərək Mirnazim Əsədullayevin həyat və sənət məramından söz açdı. Bildirdi ki, sənətkar qibtə ediləsi bir ömür yaşayıb.

   Əməkdar artist Gülüstan Əliyeva qeyd etdi ki, milli musiqimizin inkişafında instrumental ifaçıların da mühüm xidmətləri var. Onlardan biri də Əməkdar artist Mirnazim Əsədullayevdir. Əməkdar elm xadimi Aydın Qafarlı çıxışında M.Əsədullayevin sənətə vurğunluğundan, istedadından bəhs etdi.

   Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Əməkdar artist, tarzən Vamiq Məmmədəliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, musiqişünas Səadət Təhmirazqızı, şair Vüqar Əhməd və başqaları çıxış edərək sənətkarı təbrik etdilər.

   Sonra söz musiqiyə verildi. Əməkdar artistlər Sahib Paşazadə və Toğrul Əsədullayevin müşayiəti ilə gənc müğənni Günay İmamverdiyeva “Külək, niyə belə əsirsən” mahnısını, Mədinə Şahgəldiyeva kamançada bəstəkar S.Fərəcovun “Unutmapyesini ifa etdilər.

   Sonda Əməkdar artist Mirnazim Əsədullayev çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.10.