Azərbaycan jurnalistikasında işıqlı iz

 

   Əşrəf Hacıyev həmkarlarının xatirələrində

  

     

 

  

   Yaxşıların yaxşısı

  

   Əşrəf Hacıyevi mən mətbuata gəldiyim ilk gündən tanıdım. Jurnalistika şöbəsinin 1960-cı il buraxılışına təyinat verilməmişdi. Mən “Pioner” jurnalında 44 manat məvaciblə yarımştatlıq texniki redaktor vəzifəsinə düzələndə elə bildim, dünyanı mənə bağışladılar. Elə ilk gündən jurnalist korifeylərin arasına düşdüyümü hiss etdim. Zeynal Cabbarzadə, Nəriman Süleymanov, Tofiq Mütəllibov, zadəgan əsilli rəssam Pavel Nikolayeviç Krılov, Kamil Kazımov jurnalı intellektual bir mərkəzə çevirmişdilər. Bu azmış kimi qonşu otaqlarda yerləşən “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetləri də artıq ad-san qazanmış sanballı jurnalistlərlə dolu idi. Eynulla Ağayev, Cəmil Əlibəyov, Camal Qaryağdı, Zeynal Babayev, Hikmət Ziya, Bayram Həsənov... Və bu zəngin siyahıda yaxşıların yaxşılarından Əşrəf Hacıyev. Mən birdən-birə bu üç redaksiyanın işçisinə çevrildim. Mənə tapşırıq verir, mətbuatda çıxan yazılarımı oxuyub yol göstərirdilər. Səliqə-sahmanlı, bir az ciddi görkəmli Əşrəf Hacıyevdən bir qədər çəkinirdim. Rast gələndə xəfif təbəssümlə salamlaşıb ötürdüm. İlk dəfə özü məni saxladı. O günlər mərkəzi mətbuatda - “Komsomolskaya pravda” qəzetində hekayəyə bənzər bir yazım - zarisovkam çap olunmuşdu. O zamanlar üçün bu çox sevindirici hadisə idi. Əşrəf müəllim yazımı təriflədi, mənə hekayə janrında qələmimi sınamağı tövsiyə etdi. Bu yaxınlıq yaradıcılıq dostluğuna çevrildibir ömür boyu davam etdi. Mən onu həmişə özümə müəllim hesab edib bununla fəxr etmişəm. Hər işə yüksək ləyaqət ölçüsü ilə yanaşıb Əşrəf Hacıyev. Ailəsinə də, yazılarına da, davranışına da. İndi Əşrəf Hacıyev haqqında düşünəndə anlayıram ki, o, tanıdığım bütün illər ərzində mənim üçün ləyaqət etalonu olub.

   Yaradıcılığının son dövründə “Respublika” qəzetində birlikdə çalışırdıq. Əşrəf Hacıyev işdə, necə deyərlər, canına qəsd edirdi. Elə mən də axır vaxtlar tez-tez xəstələnirdim. Odur ki, nisbətən az görüşürdük. Çox vaxt işdən gedəndə redaksiyanın qarşısındakı dayanacaqda rastlaşırdıq. Səhhətində problemlər olduğundan oğlu dalınca gəlib onu evə aparırdı. Bu dəfə bir qədər gecikdiyindən biz xeyli söhbətləşdik. Yorğun gözlərinin dərinliyində gülüş qığılcımı yandı. Və mənə əvvəl başa düşmədiyim qəribə bir sual verdi: “Redaksiyaya gələn şeirlər arasında sənə ünvanlanmış bir şeir vardı: Çox gəzib yorulmuşam... Ardı necə idi?” Bir müddət çaşqın-çaşqın onun üzünə baxdım. Sonra mənim redaksiyaya gəldiyim ilk illərdə “Pioner” jurnalına ünvanlanmış naməlum bir müəllifin şeiri yadıma düşdü:

   Çox gəzib yorulmuşam,

   Gətir içək çay, Sveta.

   Xoş sözünə vurulmuşam,

   Söhbət elə, ay Sveta!

  

   Redaksiyada ya haqq, ya nahaq bu şeirin mənə ünvanlandığı hesab edilmişdi. Bu məqamda Əşrəf müəllimin haradan bu şeiri xatırladığını başa düşmədim. Ancaq bir şeyi xatırladım ki, redaksiyada Zeynal Cabbarzadədən tutmuş hamı mənim “şəxsi” həyatımla da maraqlanır, məni təhlükələrdən, yanlışlardan qorumağa çalışırdılar. Mən onların hər birinin üstüörtülü eyhamını, rəyini əsl ata, böyük qardaş məsləhəti kimi qəbul edirdim. Ailədə də dörd qardaşın yeganə bacısı olduğumdan belə “müdaxilələrə”, xoş niyyətli məsləhətlərə əməl etməyə öyrəşmişdim.

   ... Bu arada Əşrəf müəllimin oğlu gəldi və o, üzündə xoş kövrək təbəssümlə maşına minib getdi. Bu mənim Əşrəf müəllimlə son görüşüm oldu. İndionu xatırlayanda bu xoş təbəssümlə xatırlayıram. Gözəl oçerklər, hekayələr, pyeslər, tərcümələr müəllifi, Əməkdar jurnalist Əşrəf Hacıyev özündən sonra işıqlı bir iz qoyub getdi. Bu gün ötdüyüm həyat yoluna nəzər saldıqda düşünürəm ki, əldə etdiyim yaxşı nə varsa, hamısına əhatəsində olduğum bu adamlar sayəsində nail olmuşam və ən əvvəl Əşrəf Hacıyev sayəsində. Özümdən isə ona görə razıyam ki, nümunə üçün həmişə zirəkləri, yaltaqları yox, ləyaqətliləri, şəxsiyyətliləri seçmişəm.

  

   Svetlana Nəcəfova

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.15.