Türk dünyasının Novruz təntənəsi

 

Qazaxıstanın Türkistan şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı 2017” ilinin açılış mərasimi keçirilib

  

   Hər il olduğu kimi, bu il də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşəbbüsü və üzv ölkələrin iştirakı ilə AmerikaAvropa qitələrində Novruz bayramı tədbirləri keçirilib. Builki bayram həmçinin Qazaxıstanın qədim Türkistan şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı 2017” ilinin açılış mərasimi ilə də yadda qalıb.

  

   Martın 20-də TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Ankaranın Keçiörən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı, eyni zamanda Türkiyə ilə Azərbaycan və Mərkəzi Asiya türkdilli dövlətləri arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünə həsr olunan mərasim keçirilib. Tədbirin açılışında Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız və Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış ediblər. Məlumat verilib ki, TÜRKSOY türkdilli ölkələrdə, o cümlədən Rumıniya və Moldovada da Novruz mərasimləri təşkil edəcək. Sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Türk dünyası musiqi topluluğunun müxtəlif ölkələrdən gələn sənətçilərlə birgə konserti olub. Azərbaycandan gələn incəsənət ustalarının çıxışı tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

   Ankara konsertindən sonra Novruz tədbirləri Türkiyənin Bursa, Bolu və Ədirnə şəhərlərində davam etdirilib.

   * * *

   Martın 21-də Qazaxıstanın qədim şəhəri - Xoca Əhməd Yəsəvi yurdu Türkistanda TÜRKSOY-unTürk dünyasının mədəniyyət paytaxtı 2017” ilinin açılış mərasimi keçirilib. 22 ölkədən 300-ə yaxın qonaq qədim türk torpağında bir araya gələrək Novruz bayramı ilə yanaşı bu əlamətdar hadisəni də qeyd ediblər.

   Açılış mərasimində Qazaxıstanın idman və mədəniyyət naziri Arıstanbek Muhamediulı, Cənubi Qazaxıstan valisi Canseyit Tüymenbayev və TÜRKSOY baş katibi Düsen Kaseinov iştirak edib.

   Qonaq heyətlər ilk olaraq Xoca Əhməd Yəsəvinin türbəsinin ətrafındakı abidələri ziyarət edib. Sonra bayraq qaldırma mərasimi reallaşdırılıb. İştirakçılar türbənin içərisində olan nəhəng qazanın ətrafında bir araya gəliblər.

   Düsen Kaseinov isə “mədəniyyət paytaxtı” layihəsinin türk dünyası şəhərlərinin tanıtımı, mədəni və sosial baxımdan inkişafına töhfə olduğunu bildirərək buna dəstək verən TÜRKSOY ölkələrinin başçılarına minnətdarlığını ifadə edib. Qeyd edib ki, 2012-ci ildə Astana ilə başlayan bu layihə 2013-cü ildə Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan, 2015-ci ildə Türkmənistanın Mərv, 2016-cı ildə isə Azərbaycanın Şəki şəhərində davam edib: “Türk dünyasının mədəniyyət paytaxtı” ünvanının bu il Türkistan şəhərinə verdiyimiz üçün çox xoşbəxtik. İnanıram ki, ilboyu gerçəkləşdiriləcək tədbirlərlə Türkistanı bütün dünyaya tanıdacağıq”.

   * * *

   Açılış tədbirində TÜRKSOY-un ənənəvi mətbuat mükafatları da təqdim edilib. 7 ölkədən 14 jurnalist və mətbu qurum mükafatlandırılıb. Azərbaycandan “525-ci qəzet”in əməkdaşı Pərvin Nurəliyeva və ARB media şirkətinin əməkdaşı Gülşən Aslanova təltif edilib.

   Gün boyu gerçəkləşdirilən tədbirlərdə qazax milli sənətlərindən nümunələrlə yanaşı, ənənəvi idman müsabiqələri də gerçəkləşdirilib.

   * * *

   “Mədəniyyət paytaxtı” ilinin açılışından sonra Əhməd Yəsəvi Universitetində "Türkistantürkologiya" mövzulu simpozium reallaşdırılıb.

   Əhməd Yəsəvi Universiteti idarə heyətinin sədri, professor Musa Yıldız Türkistan şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən məmnun olduğunu dilə gətirib və bütün iştirakçıların Novruz bayramını təbrik edib.

   Simpoziumda dil, ədəbiyyat, folklor, din, fəlsəfə, tarixarxeologiya sahələrində 20 ölkədən 60 elm adamı 4 paneldə məruzələrini təqdim ediblər. Toplantı əsnasında həmçinin Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali tərəfindən TÜRKSOY-un baş katibi Düsen Kaseinova akademiyanın “Qızıl medal”ı təqdim edilib.

   * * *

   Bayram tədbirləri çərçivəsində qurulan şənlik məkanı mərasimlərin ən çox diqqətçəkən məqamlarından biri olub. Heyətlər bu məkanda qurulan ənənəvi çadırlarda qazax milli mətbəx nümunələrinə qonaq ediliblər.

   * * *

   Martın 23-də Türkistanda ilk dəfə Türk dünyası beynəlxalq rəqs yarışması keçirilib. Əhməd Yəsəvi Universitetinin Mədəniyyət Mərkəzində 16 ölkənin xalq rəqs qruplarının qatıldığı yarışmada İnegöl Bələdiyyəsi Xalq rəqsləri topluluğu (Türkiyə) qalib olub. 300-ə yaxın rəqqasın iştirak etdiyi yarışda ''Ən yaxşı xalq rəqsi”, ''Ən yaxşı xoreoqrafiya'', ''Ən yaxşı kostyum'' nominasiyaları üzrə mükafatlar da təqdim edilib. Yarışda Azərbaycanı təmsil edən “Cəngi” rəqs qrupu da təltif edilib.

   * * *

   Türkistan şəhərindəki açılış tədbirlərinə qatılan türkdilli ölkələrin sənətçiləri martın 25-də TÜRKSOY-un Novruz tədbirləri çərçivəsində Avropa turnesinə çıxıb. TÜRKSOY və Yunus Əmrə İnstitutunun işbirliyi ilə gerçəkləşdirilən turne çərçivəsində martın 25-də Rumıniyanın KonstansaBuxarest, martın 28-də Moldovanın Kişineu, martın 30-da isə Qaqauz Yerinin (Moldova) Komrat şəhərlərində konsertlər gerçəkləşdirilib.

   Azərbaycanı konsertlərdə muğam kvarteti - gənc xanəndə Babək Quliyev, tarda Ruslan Zərbəliyev, kamançada Şəhriyar Musayevnağarada Elnur Əliyev təmsil ediblər. Onların ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

  

   Mehparə Sultanova

 

Mədəniyyət.- 2017.- 29 mart.- S.16.