Sənətkar ömrünün 70-ci baharı

 

 

   Xalq artisti, tarzən Ramiz Quliyevin yubiley gecəsi

  

   Mayın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunmuş "Səslən, tarım" adlı tədbir keçirildi.  

   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə dəstəyi ilə gerçəkləşən yubiley tədbirində nazir Əbülfəs Qarayev, dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

   Qonaqlar əvvəlcə filarmoniyanın foyesində Ramiz Quliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış oldular. Sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.

   Tədbirdə nazir Əbülfəs Qarayev çıxış edərək yubilyarın həyat və yaradıcılığından danışdı. Vurğuladı ki, görkəmli tarzən bu günyorulmaz ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə çoxlu güc-qüvvət sərf edir. O, bir neçə ildir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirərək gənc ifaçıların yetişməsinə töhfə verir. Sənətkar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini tar ilə fortepiano üçün işləyib, bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.

   Ramiz Quliyevin yorulmaz sənət fəaliyyətindən danışan nazir bildirdi ki, o, dəflərlə görkəmli ifaçı kimi respublikanın məşhur konsert salonlarında, radioteleviziyada, o cümlədən respublika zəhmətkeşləri qarşısında solo konsertlərlə çıxış edib. Onun xarici ölkələrə qastrolları da həmişə uğurla keçərək, böyük rezonans doğurub. Tarzən dünyanın məşhur konsert salonlarında tanınmış orkestrlərlə eyni səhnəni bölüşərək dinləyicilərin qəlbinə yol tapıb.

   Diqqətə çatdırıldı ki, görkəmli tarzənin sənət fəaliyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ona musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrətordeni, bu il mayın 1-də isə “Şərəf” ordeni verilib. Bundan əlavə, sənətkar 2014-cü ildə Dövlət mükafatı laureatı olub.

   Əbülfəs Qarayev daha sonra "Şərəf" ordenini sənətkara təqdim etdi.

   Ramiz Quliyev çıxış edərək ona göstərilən diqqət və qayğıya, Azərbaycan muğamının və tarının qorunması, inkişafı və dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildirdi.

   Sonra tədbir konsert proqramı ilə davam etdi. Konsertdə respublikamızın tanınmış ifaçıları tərəfindən xalq bəstəkar mahnıları səsləndirildi.

  

   Fariz Hüseynov

 

 

Mədəniyyət.- 2017.- 3 may.- S.2.