Turizm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

 

 

   Son üç ayda ölkəyə gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb”

  

   Milli Məclisin mayın 2-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

   Müzakirə zamanı çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkə rəhbərliyi tərəfindən turizm sektorunun inkişafı ilə bağlı atılan addımlardan, görülən işlərin nəticələrindən söz açıb. Bildirilib ki, dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Strateji yol xəritəsi”nə uyğun olaraq ölkəyə davamlı turist axınını təmin etmək üçün monitorinq aparılıb və Azərbaycana daha çox turistlərin gələ biləcəyi 15 ölkə müəyyən edilib. Nazir diqqətə çatdırıb ki, son üç ayda ölkəmizə gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 25 faiz artıb. Həmin 15 ölkə üzrə Azərbaycana gələn turistlərin sayında artım daha çox, 30 faizdən artıqdır: “Dövlətin siyasəti öz nəticəsini verir. Azərbaycanda Turizm Şurası yaradılıb. Şuranın tərkibində 18 dövlət orqanının nümayəndəsi çalışır. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Ölkədə, digər sahələrdə olduğu kimi, turizm sahəsində də əlverişli biznes mühiti yaradılıb və fəaliyyət üçün heç bir lisenziya tələb edilmir. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur, bu da ölkəmizə diqqəti artırır”.

   Yeni qanunun əhəmiyyətinə toxunan Ə.Qarayev bildirib ki, layihədə yeni turizm zonalarının yaradılması və idarəedilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Elektron turizm xidmətlərinin istifadəsinə böyük önəm verilməlidir. Dövlət Turizm Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaq. Reyestrin yaradılması dələduzluqların qarşısını alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək.

   Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Turizm haqqında” qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd 8 fəsil, 63 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşubu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.

   Turizm infrastrukturuonun subyekti turizm sahəsində fəaliyyətə yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra başlayacaq.

   Qanun layihəsinin iki ilə yaxın müddətdə hazırlandığını deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib. Dövlət başçısı ölkədə əməktutumlu yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub. Layihədə sağlamlıq turizmi, sosial turizm, ekoloji turizm, ekstremal turizm, kənd yaşıl və digər turizm növlərinin xüsusiyyətləri və tənzimlənməsi qaydaları əks olunub.

   Müzakirələrdən sonraTurizm haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

   Qeyd edək ki, yeni qanun qüvvəyə mindiyi gündən "Turizm haqqında" 1999-cu il 4 iyun tarixli qanun qüvvədən düşəcək.

 

Mədəniyyət.- 2017.- 3 may.- S.3.