Mahnıları ilə yaşayan bəstəkar

 

 

 

   Xüsusi internat məktəbində Səid Rüstəmovun 110 illiyi qeyd edilib

  

   Aprelin 28-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Xalq artisti, bəstəkar Səid Rüstəmovun (1907-1983) anadan olmasının 110 illiyinə həsr edilmiş konsert-tədbir keçirildi.

   Tədbiri giriş sözü ilə məktəbin müəllimi Sona Quliyeva açaraq bəstəkarın həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, Xalq artisti, professor Səid Rüstəmov Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı olub.

   Səid Rüstəmov 12 may 1907-ci ildə qədim İrəvan şəhərində dünyaya göz açıb. Uşaqlıq illəri bu şəhərdə keçib. 1921-ci ildə Bakıya köçüblər. O, orta təhsilini başa vurduqdan sonra Musiqi Texnikumunda, daha sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alır. S.Rüstəmov musiqi sənətinə tarzən kimi gəlib. Sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli və tarzən Mansur Mansurovdan öyrənib.

   Bəstəkarın yaradıcılığında mahnı janrı mühüm yer tutur, o, professional musiqi tariximizə əsl mahnı ustadı kimi daxil olub. Geniş dinləyici kütlələri tərəfindən sevilən “Alagöz”, “Qurban adına”, “Bənövşə”, “Haradasan” və s. mahnıları bəstəkara ümumxalq məhəbbəti qazandırıb. Onun “Sürəyya”, “Mən sülhə səs verirəm”, “Sumqayıt” mahnıları mükafatlara layiq görülüb. 1957-ci ildə xalq çalğı alətləri orkestrlərinin Ümumittifaq baxışında qızıl medal alıb.

   Çıxışdan sonra bədii hissə başlandı. Məktəbin “Duyğuxalq çalğı alətləri ansamblının müşayiəti ilə məktəbin şagirdləri Kifayət Mikayılova, İlqar Əhmədov, Xatirə Hüseynova və başqalarının ifasında “Oxu, gözəl”, “Sənindir”, “Oxu, tar” mahnıları ifa olundu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 3 may.- S.5.