Tələbələrin ehtiram ruhlu konserti

 

 

 

   Mayın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin tələbələri növbəti konsert proqramı ilə çıxış etdilər.

   Konsertdə Estrada sənəti kafedrasının baş müəllimi, Əməkdar artist, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti İnarə Babayevanın tələbələri öz məharətlərini göstərdilər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş konsertdən əvvəl İnarə xanım qısa çıxış edərək, ulu öndərin sənət sevgisi barədə danışdı, gənc istedadlara hər zaman dəstək olan, yaradıcılıq üçün bütün imkanları yaradan ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.

   Birinciikinci kurs tələbələri olan gənc müğənnilərin konserti maraqlı repertuar ilə diqqəti çəkdi. Konsertmeyster Emin Həsənovun müşayiəti ilə çıxış edən tələbələr - Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sərxan Cəfərov, Şövqü Əmrahov, Güllü Bəhərzalova və Nigar Xəlilova Azərbaycan bəstəkarları Tofiq Quliyev, Oqtay Kazımi, Vasif Adıgözəlov, Adil Bəbirov, Emin Sabitoğlu və Vaqif Gərayzadənin mahnılarını ifa etdilər.

   Tələbələr dünya estrada musiqisinə də müraciət etmişdilər: konsertdə Valter Malqoni, Lukaş Qotvald, İrvinq Berlin, Cerri Herman və digər bəstəkarların mahnıları və məşhur müzikllərdən ariyalar da oxundu. Sonda isə altı tələbə-müğənni Elza İbrahimovanın "Ey vətən" mahınısını birlikdə ifa etdilər.

   Konsertdə bir-birini əvəz edən tələbələrin repertuar seçimi rəngarəngliyi ilə diqqəti çəkdi. Təbii ki, onların bu seçimində və uğurlu çıxışında arxa cərgələrin birində əyləşib yetirmələrinin ifasını həyəcanla izləyən sənət müəllimlərinin - Əməkdar artist İnarə Babayevanın zəhməti böyükdür. Gənc müğənnilərin tələbə yoldaşları isə dostlarının çıxışlarını həvəslə alqışlayır, onların çıxışını mobil telefonla lentə alırdılar.

   Konsert başa çatdıqdan sonra universitetin Estrada sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Məryəm Babayeva və digər müəllimlər həm İnarə xanımı, həm konsertmeyster Emin Həsənovu, eləcə də çıxış edən altı tələbəni təbrik edərək vurğuladılar ki, onlar sənət yolunun başlanğıcında verdikləri bu konsert ilə ən böyük sənət qiymətini - tamaşaçı alqışını daddılar.

   Bəstələndiyi vaxtdan istər milli, istər dünya estradasında klassikaya çevrilən mahnılardan ibarət konsert ümummilli lider Heydər Əliyevin xatirəsinə və əsl musiqi sənətinə ehtiram idi.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 5 may.- S.5.