Gənc pianoçunun zəfərli Avropa turnesi

 

 

 

   Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi, respublika beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə 18-29 aprel tarixində üç Avropa ölkəsində müsabiqələrə qatılaraq ölkəmizi layiqincə təmsil edib.

   Şirin Parisdə 18-21 aprel tarixində keçirilmiş III Beynəlxalq “Ville de Gagnymüsabiqəsində müxtəlif yaş kateqoriyaları üzrə 20-dən çox ölkənin nümayəndələri arasında öz nominasiyası üzrə II yerə layiq görülüb.

   Belçikanın paytaxtı Brüsseldə 20-24 apreldə keçirilən “Merci Maestro” adlı iki mərhələli müsabiqədə 38 iştirakçıdan 13-ü finala çıxıb. Öz kateqoriyası üzrə finalçılar arasında yer alan təmsilçimiz fəxri diplomla təltif olunub.

   Şirin Xorvatiyanın Varazdin şəhərində daha bir yarışmada gücünü sınayıb. Xorvat pianoçusu Jurika Murainin xatirəsinə həsr olunmuş müsabiqə 7 nominasiya üzrə keçirilib. Ş.Əmiraslanova 200-dən çox iştirakçı arasında öz “A” qrupunda 97,80 balla müsabiqənin birincisi seçilərək laureat adını qazanıb. O, münsiflər heyətinin razılığı ilə yarışmada göstərdiyi performansa görə müsabiqənin sponsoru “Yamaha”nın təqdim etdiyi “P45B Yamaha” markalı fortepiano ilə mükafatlandırılıb. Yeniyetmə pianoçu 29 aprel tarixində keçirilən qala-konsertdə V.A.Motsartın “Sonata” və K.DebüssininDoctor Gradus and Parnassum” əsərlərini məharətlə ifa edib. Qeyd edək ki, Şirinin müəllimi Siala Sinamdzqvarişvilidir.

 

 

Mədəniyyət.- 2017.- 5 may.- S.5.