“Xalçaçı günü” ilə bağlı tədbir

 

 

   Mayın 4-də Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramına həsr olunan tədbir keçirildi.

   Tədbiri muzeyin Uşaq muzeyi şöbəsinin müdiri Azər Abdullayev açaraq Azərbaycanda xalçaçılığın inkişaf yollarından, xalça örnəklərimizin dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanmasından danışdı. Qeyd etdi ki, qədim tarixə malik Azərbaycan xalçaçılıq sənəti beynəlxalq miqyasda tanınır. Bu gün bu sənətin inkişafı dövlət qayğısı ilə tam əhatə olunub. Bütün bunların nəticəsidir ki, Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınaraq dünya mirasına çevrilib.

   Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək bildirdi ki, hazırda Azərbaycanda xalça sənəti inkişafının yeni mərhələsini yaşayır. Hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir. Bunlar bəşəriyyətin mədəni irsinə çevrilirmilli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvəti olan, eyni zamanda ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır.

   Qeyd olundu ki, dövlət başçısının 26 noyabr 2016-cı il tarixli sərəncamı ilə ölkəmizdə 5 may günü “Xalçaçı günü” peşə bayramı kimi qeyd olunur. Direktor xalçaçılıq sənətinin inkişafında əməyi olanları əlamətdar gün münasibətilə təbrik etdi.

   Xalça Dünyası Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fatimə Ağamirzəyeva çıxışında ömrünün 35 ilini xalça sənətinə həsr etdiyini dedi. Bildirildi ki, bu sənətin qorunub inkişaf etdirilməsində Azərbaycan qadınlarının böyük zəhməti olub. Tarixən xalçaçılıq sənətinə də müəyyən hücumlar və təsirlər olub. Xalq onu bu təsirlərdən qoruyub yaşatmağı bacarıb.

   “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri, professor Vidadi Muradov, xalçaçı rəssam, UNESCO yanında Rəssamlar Birliyinin üzvü Eldar Mikayılzadə, “Qədim Qubaxalça müəssisəsinin direktoru Humay Məmmədova, Əməkdar rəssam Aydın Rəcəbov, Xalça Muzeyinin regional əlaqələndiricisi Fuad Rəsulov və başqaları çıxış edərək Azərbaycan xalçasının beynəlxalq aləmdə tanınmasından, yerlərdə xalça sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açdılar.

   Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti, müxtəlif bölgələrdən qabaqcıl toxucular, xalçaçı rəssam və ekspertlər iştirak edirdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 5 may.- S.6.