“Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi

 

   “İstirahət mərkəzlərində də belə guşələrin yaradılması müsbət qarşılanır”

  

   Mayın 3-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi. 2016-cı ildən kitabsevərlərin ixtiyarına verilən yeni guşə Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında fəaliyyət göstərir.

   Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bildirdi ki, “Açıq kitabxanada 24 saat ərzində insanların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradılıb: “Günün istənilən vaxtı oxucular “Açıq kitabxanaya daxil olaraq istədikləri kitabı əldə edib oxuya bilərlər. Bu layihə ilə oxuculara daha yaxın olmağa və kitabları əlçatan etməyə çalışmışıq. Burada yazıçı və şairlər, ziyalılar, alimlər, eləcə də oxucularımız tərəfindən kitabxanaya təqdim olunan kitablar da yer alır”.

   Bildirildi ki, “Açıq kitabxanada Azərbaycanda və xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişioxuculara çatdırılması təşkil olunur. Bir sözlə, layihə oxucularla müəlliflərin görüş yerinə çevrilərək kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını yerinə yetirir.

   Direktor “Açıq kitabxana”nın saytı () haqqında məlumat verərək, kitabxananın elektron xidmətlərindən danışdı. Qeyd etdi ki, oxucular virtual sifariş və “Açıq kitabxana”nın fondunda olan kitablarla onlayn formatda tanış ola biləcəklər. Həmçinin sayt vasitəsilə oxucuların dünyarespublika kitabxanalarının saytlarına giriş, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanı olacaq. Bundan əlavə, “Açıq kitabxanada müəlliflərin mütəmadi olaraq kitab təqdimatlarının, imza törənlərinin, poeziya axşamlarının, ədəbi-musiqili tədbirlərin və kitab satışının təşkili də nəzərdə tutulur.

   Kərim Tahirov bildirdi ki, “Açıq kitabxana” layihəsi uğurlu fəaliyyət göstərərək həm yerli vətəndaşların, həm də xarici turistlərin marağını cəlb edə bilib.

   Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitaba marağın artırılması istiqamətində layihənin əhəmiyyətini vurğuladı: “Ötən il burada 24 saat fəaliyyət göstərən kitab guşəsi insanların istifadəsinə verildi. Bu gün isə bu xidmətlərin genişləndirilməsi, oxuculara göstərilən xidmətin səviyyəsinin daha da artırılması üçün “Açıq kitabxana” layihəsinin saytının təqdimatı keçirilir. Müasir dünyada elektron informasiya sistemləri sürətlə inkişaf edir. Ölkəmizdə də bu istiqamətdə xidmətlər günün müasir tələbləri səviyyəsində qurulur. “Açıq kitabxanada artıq ödənişsiz Wi-Fi şəbəkəsi quraşdırılıb. Kitabxanalarımızda Wi-Fi şəbəkəsinin yaradılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirələr aparmışıq və elektron xidmətlər daha da genişləndiriləcək”.

   Nazir vurğuladı ki, burada kitabların mütaliəsi ilə bərabər, mübadiləsinə də gözəl imkan yaradılıb: “Layihədən kitabı sevən hər bir kəs sərbəst, qeydiyyatsız yararlana bilir. Bu layihə mütaliənin təbliğinə öz töhfəsini verməkdədir. Artıq bu təcrübə respublikanın bir sıra rayonlarında da tətbiq olunur. Bu il ötən ilə nisbətən rayonlarda yerləşən kitabxanalara iki dəfə çox kitabın verilməsi təmin olunub”.

   Əbülfəs Qarayev qeyd etdi ki, bu cür layihələr insanları kitaba daha da yaxınlaşdırır. Şəhərdə fəaliyyət göstərən istirahət mərkəzlərində belə guşələrin yaradılması müsbət qarşılanır və müxtəlif parkkitabxanalarda layihəni davam etdirmək məqsədəuyğundur. Nazir, həmçinin kitabxanalarda kitab satışı üçün yer ayrılmasının, xüsusən uşaq ədəbiyyatının sayının artırılmasının da vacibliyini qeyd etdi.

   Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbirin kitab təbliği istiqamətində mühüm addım olduğunu deyərək, bu məkanın artıq gənclərlə kitab müəlliflərinin, gənc yazarlarla oxucuların görüş yerinə çevrildiyini bildirdi.

   Sonra tədbirdə iştirak edən bir neçə müəllifin imzası ilə kitablar qonaqlara təqdim olundu.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 5 may.- S.8.