Krasnoyarskda Azərbaycan mədəniyyəti günü

 

 

   Rusiyanın Krasnoyarsk şəhərində Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə Azərbaycan mədəniyyəti günü keçirilib.

   Şəhərin başçısı Edxam Akbulatov, Krasnoyarsk diyarı mədəniyyət nazirinin müavini Olqa Vasilenko və digər rəsmilər çıxış edərək xalqlarımız arasında dostluq əlaqələrindən söhbət açıblar.

   Qonaqlar Azərbaycanın incəsənətini, ədəbiyyatını və dekorativ-tətbiqi sənətini əks etdirən sərgi ilə tanış olublar. SonraOdlar yurdu” ansamblının ifasında “Sarı gəlin” xoreoqrafik tamaşası nümayiş etdirilib. Tamaşanın xoreoqrafı Rauf Zeynalovdur. Həmçinin ansamblın müşayiəti ilə “Qarabağ çobanlarının rəqsi”, “Cücələr” və qadınların qavalla rəqsi maraqla qarşılanıb.

   Bu il 10 yaşını qeyd edən “Odlar yurdu” mahnı və rəqs ansamblının kollektivi yubiley münasibətilə “Xalq ansamblı” adı ilə təltif olunub. Ansamblın müəllim heyəti və bədii rəhbəri Krasnoyarsk diyarı ərazisində Azərbaycan mədəniyyətinin qorunması və inkişafında göstərdikləri xidmətlərə görə təşəkkür məktubları və fəxri şəhadətnamələrlə təltif ediliblər.

   Ansambl Azərbaycan mədəniyyətini Rusiyanın digər regionlarında da layiqincə təmsil edir. Kollektiv Türkiyədə qastrol səfərində olub, ansamblın rəqqasları Tailandda çıxış ediblər.

 

Mədəniyyət.- 2017.- 5 may.- S.8.