Televiziya, teatr, emalatxana...

 

 

   Sənətdə həyatın mənasını tapan rəssam

  

   Tanınmış rəssam Rəfael Əlizadə ilə söhbətim onun emalatxanasında baş tutdu. Təsviri sənət tariximizdə elə adamlar var ki, onların yaradıcılığı kölgədə qalıb. Rəfael müəllim də gəncliyindən ömrünü seçdiyi sənətinə bağlayıb, uzun illər çalışdığı Azərbaycan Televiziyasında 100-dən çox teletamaşanın quruluşçu rəssamı olub, bir çoxunun geyim eskizlərini hazırlayıb.

   O, 1946-cı ildə Bakıda doğulub. Rəssamlığa gəlişi o vaxtkı Pionerlər sarayındakı dərnəkdən başlayıb. 1967-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə indiki Azərbaycan Texniki Universitetinin Memarlıq fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Televiziyasında rəssam kimi işə qəbul olunub, 2008-ci ilə kimi orada çalışıb.

   Bu illərdə bir-birindən maraqlı, sevərək izlədiyimiz müxtəlif tamaşaların quruluşçu rəssamı olub: “Qabaqlar işimiz çox olurdu. Ayda iki teletamaşa hazırlayırdıq. Bundan başqa, ayrı-ayrı verilişlər, konsert proqramları da vardı. Onda rəssam işinə çox gərək duyulurdu. İndi telekanallarda hər şey kompüterləşdirilib, özəlliklə rəssam işi tam azaldılıb”.

   R.Əlizadə televiziyada Azərbaycanın istedadlı rejissorları Ramiz Həsənoğlu, Məhərrəm Bədirzadə, Lütfi Məmmədbəyov, Bünyad Məmmədov və başqaları ilə çalışıb. Onun quruluş verdiyi tamaşalardan “Günahsız Abdulla”, “Piri babanın nağılları”, “Laçın yuvası”, “Kökdən düşmüş piano”, “Köhnə dəbli komediyakimi geniş izləyici rəğbəti qazanan ekran əsərlərini qeyd edə bilərik.

   O həmçinin televiziyada tez-tez göstərilən M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti”, Anarın ssenarisi əsasında çəkilmiş “Nigarançılıq” teletamaşalarında geyim rəssamı olub. Deyir ki, bu işinöz çətinliyi var. Ona görə ki, obrazların geyimlərində milliliktarixilik əks olunmalıdır. Rəssam həmin geyimlərin hansı materialdan tikilməsi üçün parçaların seçilməsində də iştirak edib.

   Rəssam teatrlarla da əməkdaşlıq edib, bir neçə tamaşaya quruluş verib. Dövlət Gənclər Teatrında “Generalın son əmri”, Gənc Tamaşaçılar Teatrında “Məhəbbət bir bəladır”, Dövlət Musiqili Teatrında “Özümüz bilərik” tamaşalarında rəssam kimi çalışıb.

   Müsahibim 30 ildir Əhmədlidə yerləşən Rəssamlar evindəki emalatxanasında yaradıcılıqla məşğuldur. Hazırda təqaüddə olan rəssam hər gün Yasamaldan buraya yaradıcılıqla məşğul olmağa, öz dünyası ilə baş-başa qalmağa gəlir. Emalatxanada rəngkarlıq və qrafika sahəsində maraqlı əsərlər yaradır.

   Onun çeşidli mövzularda çəkdiyi rəngkarlıq əsərlərində yurdumuzun təbiəti, rəssamın uşaqlığının keçdiyi Abşeron mühiti, xəyal dünyası diqqət çəkir. “Rapsodiya”, “Dəniz”, “Xəzri”, “Tut çırpımı”, “Martın sonu”, “İlaxır çərşənbə”, “Novruz”, “Gəncədən gəlirəm”, “Zeytun ağacı”, “Xanbulançay”, “İlk addımlar”, “Şuşa. Cıdır düzü”, “Bilgəhdə sahil”, “Xalça üzərində narlar”, “Buzovna sahilində”, “Sıldırımlar arasında” rəssamın ən çox diqqətçəkən rəngkarlıq əsərlərindəndir.

   O, daha çox qrafik əsərlərində fikir ifadə etməyə çalışır. “Oyanma”, “Əncir ağacı”, “İmperiyanın sonu”, “Ruhumuz buradadır”, “Dalğaqıran”, “Yubileyə gəlmişik” əsərləri bu baxımdan xarakterikdir.

   R.Əlizadənin indiyədək iki fərdi sərgisi keçirilib. Sonuncu sərgi ötən il 70 illik yubileyi münasibətilə təşkil olunub.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 5 may.- S.12.