Görkəmli balerinanın yubileyinə həsr olunmuş konsert proqramı

 

   Azərbaycan xoreoqrafiya sənəti dünya balet tarixinə zəngin səhifələr yazıb. Keçən əsrin ortalarından başlayaraq milli baletlərimiz həm Azərbaycan səhnəsində, həm də dünyanın tanınmış səhnələrində nümayiş etdirilir, balet ustalarımız bu sənətin pərəstişkarları tərəfindən yüksək qiymətləndirilir.

   Bu il anadan olmasının 90 ili tamam olan görkəmli Azərbaycan balerinası Leyla Vəkilova (1927-1999) bu sənətdə parlaq iz qoyub. O, SSRİ Xalq artisti Qəmər Almaszadənin sinfində oxuyub və 1943-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıdaraq OperaBalet Teatrının solisti olub. SSRİ Xalq artisti Leyla Vəkilova həm milli, həm də klassik repertuarın ifası, özünəməxsus artistizm məharəti və mükəmməl texnikası ilə tamaşaçıların böyük rəğbətini qazanıb.

   Bakı Xoreoqrafiya Akademiyası məşhur balerinanın xatirəsini hər zaman əziz tutur. Mayın 3-də onun adını daşıyan zalda növbəti yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova Leyla Vəkilovanın həyat yolu və yaradıcılığından söhbət açıb, onun Azərbaycan baletxoreoqrafiya sənətinə verdiyi töhfələrdən danışıb.

   Sonra Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri Leyla Vəkilovanın dünya və Azərbaycan klassikasından vaxtilə canlandırdığı obrazların partiyalarını ifa ediblər. ProqramdaJizel”, “Qaraca qız”, “Şopeniana”, “Don Kixot”, ”Qız qalası” və “Qu gölü” baletlərindən parçalar yer alıb.

 

Mədəniyyət.- 2017.- 5 may.- S.16.