Görkəmli ədibin xatirəsi anılıb

 

 

   Mayın 1-də görkəmli yazıçı Məmməd Səid Ordubadinin (1872-1950) vəfatının ildönümündə xatirəsi yad edilib.

   Ədibin mənzil-muzeyinin əməkdaşları Fəxri xiyabana gələrək, məzarı üzərinə tər güllər düzüb, xatirəsini ehtiramla anıblar. Tədbir ədibin mənzil-muzeyində davam etdirilib.

   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə Ordubadinin həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərdən danışıb.

   Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Ordubadi irsinin tədqiqatçısı Nailə Səmədova, şairə Zərəngiz Mansurova, ədibin yaxın qohumları Həqiqət Məmmədova, Aybəniz Babayeva və başqaları onun əsərlərinin bu gün də gənc nəsil üçün örnək olduğunu bildiriblər. Ədəbiyyatımızda “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” və digər tarixi romanlar müəllifi kimi tanınan ədibin xatirəsinin ürəklərdə daim yaşayacağını söyləyiblər.

   Sonda yazıçının əsərlərinin, ayrı-ayrı dövrlərdə dərc edilən kitablarının sərgiləndiyi guşəyə baxış keçirilib.

 

Mədəniyyət.- 2017.- 5 may.- S.14.