Forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü

 

   Dialoq dərhal razılaşma, anlaşma demək deyil, amma bu, münaqişədən daha yaxşıdır”

  

   Mayın 5-də Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub.

   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva görüşdə çıxış edib. Tarixi boyu Azərbaycanın qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olduğunu vurğulayan Mehriban Əliyeva qeyd edib ki, etnikdini tolerantlıqla yanaşı, milli və mədəni müxtəliflik ab-havası ölkəmizi qlobal səviyyədə mədəniyyətlərarası dialoq məkanına çevirib: “Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar və səmərəli əməkdaşlıq tarixi var. Biz beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın artan rolunu ön plana çəkən bu cür ilk toplantını keçiririk”.

   Diqqətə çatdırılıb ki, Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür: “Fərəhlənirik ki, həmin iki aparıcı beynəlxalq təşkilat arasında fəal əməkdaşlıq 2008-ci ildə “Bakı prosesi” ilə başladı. “Bakı prosesiolduqca mühüm beynəlxalq təşəbbüsdür. Böyük rəmzi mənası var ki, Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və gələn həftə isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Biz bunu “Bakı prosesinin bir hissəsi hesab edirik”.

   Mehriban xanım Əliyeva vurğulayıb ki, millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib. O, Pakistan, İtaliya, Fransa, BosniyaHerseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya, Serbiya, Vatikan, Bolqarıstan, Almaniya və digər ölkələrdə həyata keçirilən layihələri diqqətə çatdırıb.

   Birinci vitse-prezident daha sonra deyib: “Bu gün dünya qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviq olunmasına ciddi ehtiyac duyur. Bu proses çərçivəsində hökumətlərin, siyasətçilərin, beynəlxalq təşkilatların və medianın üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan mədəniyyətlərarası, dinlərarası dialoq və əməkdaşlıq anlaşma və hörmət prinsipləri ilə birgə cəmiyyətin inkişafının mərkəzində dayanır. Bizim hamımız dünyada mədəni müxtəlifliyi tanıyırıq. Bütün mədəniyyətlərə və sivilizasiyalara gəldikdə, onlar davamlı inkişafa töhfə verməlidir. Yekun olaraq, əlbəttə, qeyd edirik ki, dialoq dərhal razılaşma, sadə anlaşmayaxud başqa məsələlərin həlli demək deyil. Çünki bu, müxtəlif ideyalar və stereotiplər arasında olan boşluğun aradan qaldırılmasına göstərilən cəhddir. Bu, təbii ki, münaqişədən daha yaxşıdır”.

   * * *

   Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün birinci sessiyası “İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması” mövzusuna həsr edilib.

   BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser inklüziv dialoqun qurulmasında davamlı inkişafın təmini istiqamətində görülən işlərdən və əldə edilən nailiyyətlərdən danışıb.

   UNESCO-nun baş direktoru İrina Bokova mədəniyyətlərarası dialoqa hər yerdə və cəmiyyətin hər təbəqəsində ehtiyac olduğunu, bu dialoqun 2030-cu il proqramı üçünvacibliyini qeyd edib. “Biz öz fəaliyyətimizlə göstərməliyik ki, dünyada müxtəliflik mövcuddur. Eləcə də İslam mədəniyyəti, İslam irsi bütün dünya üçün vacibdir. Bu sivilizasiya, sülhlə bağlı bir məsələdir. Bu, UNESCO adından mesajdır”, - deyən İrina Bokova bu məsələlərə hər zaman xüsusi diqqət ayıran Azərbaycan hökumətinə təşəkkür edib.

   BMT Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai turizm sektorunun mədəniyyətlərarası dialoqda rolundan danışaraq deyib ki, ən yaxşı dialoq insanların bir-biri ilə görüşüdür. Bakı Forumu bu baxımdan geniş imkanlar yaradır.

   İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, mədəni irs bəşəriyyətin ən vacib resursudur. Ortaq dəyərlərə xidmət etmək hamı üçün vacibdir. Mədəni abidələr qorunmalıdır. Bir çox ölkələrdə gənclər irqçilik, miqrant olmaq arzusu ilə yaşayırlar. Dialoq Forumu bütün bu problemlərin həlli yollarının birgə araşdırılması baxımından əhəmiyyətlidir.

   Daha sonra NATO baş katibinin ictimai diplomatiya üzrə müavini Tacan İldem, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) kabinet rəhbəri Mario Lubetkin və başqalarının çıxışları dinlənilib.

   İqtisadi, maliyyə institutları və inkişaf agentlikləri arasında 2030-cu il gündəliyinə doğru mədəniyyətlərarası dialoq üçün qarşılıqlı əməkdaşlığın qurulması: problemlər və imkanlarmövzusuna həsr edilmiş ikinci sessiyada Ərəb Maqreb Birliyi, Afrika Birliyi Komissiyası, Qırmızı Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Parlamentlərarası Birlik, Dünya Bankı, İslam İnkişaf Bankı və digər qurumların təmsilçiləri çıxış ediblər.

 

 

Mədəniyyət.- 2017.- 9 may.- S.5.