Ərzaq təhlükəsizliyi və mədəniyyətlərarası dialoq

 

 

   Tarix boyu millətlər öz mətbəxləri, mətbəx mədəniyyətləri üzrə əlaqələr yaratmışlar”

  

   Mayın 6-da IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: davamlı inkişafsülhün təmin olunması üçün əsas elementlər” mövzusunda ikinci plenar sessiya keçirilib.

   Sessiyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib. Mövzunun bugünkü dünya üçün olduqca aktual olduğunu vurğulayan Leyla Əliyeva qeyd edib ki, BMT-nin “Dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyi”nin qəbul edilməsi planetimizdə yaşayan xalqların rifahını təmin etmək kimi missiyada dünya əhalisi üçün mühüm hadisə oldu. Təsadüfi deyil ki, gündəliyin ilk iki məqsədi məhz yoxsulluğun və aclığın aradan qaldırılmasına yönəlib. Əslində, biz çox məyusuq ki, XXI əsrdə bütün dünyada 870 milyon insan hələ də aclıqdan və azqidalanmadan əziyyət çəkir.

   Leyla Əliyeva diqqətə çatdırıb ki, tarix boyu mədəniyyətlər və millətlər öz mətbəxləri, mətbəx mədəniyyətləri üzrə əlaqələr yaratmışlar. Onlar öz ənənələrini qoruyub saxlayırlar. Bunun qorunub-saxlanılması ərzaq təhlükəsizliyinə, sülhə və dayanıqlı inkişafa xidmət edir: “Beynəlxalq ictimaiyyət öz səylərini ərzaq təhlükəsizliyinin və qidalanmanın, mədəniyyətlərarası dialoqun və rifahın daha da yaxşılaşdırılmasına yönəltməlidir. Bu baxımdan mən Azərbaycanın dəstəyi, BMT-nin Sivilizasiyalar Alyansının və digər tərəfdaşların təşkilatçılığı ilə oktyabrda FAO-nun mənzil-qərargahında dinlərarası mədəni identikliyin və fərqliliyin ərzaq təhlükəsizliyi vasitəsilə qorunması mövzusunda tədbirin keçirilməsini alqışlayıram. Bu tədbir, əslində, “Bakı prosesi”ndən irəli gəlir. O, məhz ərzağın tolerantlığın yayılmasına, mədəni fərqliliyin aradan qaldırılmasına xidmət edəcək”.

   BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nassermövzunun vacibliyini qeyd edərək qida məsələsinin təşkilatın fəaliyyətində prioritetlərdən biri olduğunu deyib.

   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ərzaq, kulinariya, qidalanma gündəlik həyatımızın bir hissəsidir: “Çox yaxşı haldır ki, FAO bu Forumda iştirak edir və ərzaq təhlükəsizliyi insan təhlükəsizliyi ilə eyni səviyyədə diqqətdə saxlanılır”.

   Nazir əlavə edib ki, qida məhsullarının keyfiyyətsizliyi insanların təhlükəsizliyinə zərbədir. Onun sözlərinə görə, qida, ərzaq, adət-ənənələr, iqlim, ətraf mühit - bütün bunlar hər bir millətin təzahürüdür. İnsanların bir-birini zənginləşdirməsi üçün yalnız qonşu ölkənin kitabını oxumaq kifayət deyil. Kulinariyamilli mətbəx də millətin vacib keyfiyyətlərindəndir.

   BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal FAO-nun bütün tərəfdaşlarının “Bakı prosesi”ndə təmsil olunmasını yüksək dəyərləndirib.

   Sessiya işini müzakirələrlə davam etdirib.

 

Mədəniyyət.- 2017.- 9 may.- S.5.