Kosmosdan gələn səs sahibini xatırlayarkən...

 

 

 

   Mayın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında maraqlı konsert proqramı təqdim edildi.

   Yunanıstan Mədəniyyət və İdman Nazirliyinin, Yunanıstanın ölkəmizdəki səfirliyinin, Mariya Kallas adına Beynəlxalq Mədəniyyət Mərkəzinin və "United Cultures" təşkilatının birgə layihəsi - Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan konsert proqramı dünya şöhrətli vokalçı Mariya Kallasın xatirəsinə həsr olunmuşdu.

   Öncə İtaliya-Azərbaycan Assosiasiyasının sədri Paola Kazaqrande çıxış edərək, Mariya Kallasın mədəniyyətlərin qovuşuğunda rolundanonun dünya opera sənətinin inkişafına təsirindən söz açdı. Sonra Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Sunqas hər kəsi salamlayaraq, bu musiqi axşamının həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə töhfə olduğunu qeyd etdi.

   Daim ilahi səs sahibi kimi dəyərləndirilən məşhur vokalçıya ithaf edilən proqramın "Kosmosdan gələn səs" adlanması da təsadüfi deyildi. Konsertdə Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edirdi. İtaliya bəstəkarı Stefano Muskaritolonun tərtib etdiyi proqrama onun özünün, Kəmalə Əlizadənin əsərləri, Mariya Kallasın titul partiyalarını ifa etdiyi klassik Avropa bəstəkarlarının operalarından ariyalar daxil edilmişdi.

   Kəmalə Əlizadənin "Yunan şərqisi" əsəri ilə başlayan konsert Stefano Muskaritolonun "Medeya" süitasının 1-ci hissəsi ilə davam etdi. Antik dövrdən bəri aktuallığı azalmayan faciə qəhrəmanına həsr olunmuş süitanın səslənişindəki minor notlar, ləngərlik Medeyanın kimliyini bilməyənlərdə də dünyanın faniliyibütün məhəbbətlərin əbədi olmadığı duyğuları oyadırdı. 3 hissəli süitanın hər hissəsinin ayrı-ayrılıqda, vokal nömrələri arasına səpələnərək çalınması həm dinləyiciləri yormur, həm də Azərbaycan vokalçılarının mükəmməl ifası ilə bərabər orkestrin çalğısından zövq almaq imkanı yaradırdı.

   Vokalçılara gəlincə, konsertdə respublikanın əməkdar artistləri Fəridə Məmmədova, İlham Nəzərov və Adil Axundov C.Verdi, Q.V.Qlük, V.Bellini, G.HendelC.Puççininin operalarından ariyaları oxudular. Fəridə Məmmədova ilə Adil Axundovun C.Puççininin "Madam Batterfley" operasından Çio-Çio San ilə Pinkertonun məşhur dueti isə bir konsert nömrəsi deyil, opera tamaşasından bir parçanın ifası təəssüratı oyadaraq, daha gur alqışlarla qarşılandı.

   Musiqişünas Vəfa Həmidovanın Mariya Kallasın həyat və yaradıcılığı barədə ilginc faktlarla zəngin iki qısa söhbəti isə ruhu oxşayan musiqi əsərləri dinləyən tamaşaçıların biliklərini artırdı.

   Mariya Kallasın pərəstişkarı olmuş, 1969-cu ildə onu eyniadlı filmində Medeya roluna dəvət etmiş məşhur rejissor Paolo Pazolini heyrətamiz səsli gözəl xanıma şeir də həsr edibmiş. Həmin şeiri vokalçı İlham Nəzərov bədii qiraətçi məharəti ilə, həm də S.Muskaritolonun musiqisini ifa edən simfonik orkestrin həzin səslənişi fonunda italyan dilində söylədi.

   Uğurla keçən konsertdə paytaxt ziyalıları, diplomatik korpusun təmsilçiləri, eləcə də IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqları iştirak edirdi.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 9 may.- S.8.