Mətbuatın “sıravi əsgəri”, hekayə və oçerk ustası

 

 

 

   Müasirləri onu Azərbaycan mətbuatının “sıravi əsgəri” adlandırırdı. Çünki ömrünün 50 ilini fasiləsiz olaraq sevdiyi jurnalist peşəsinə həsr etmişdi.

   Yazıçı, jurnalist, tərcüməçi Məmməd Əkbər (Məmməd Həmzə oğlu Əkbərov) 5 may 1909-cu ildə Ordubadda dünyaya göz açıb. Atası əttarlıqla məşğul olub, bitkilərdən ətriyyat, ədviyyat hazırlayıb. Əmisi Molla Hüseyn isə şeirlər yazıb. Məmməd ilk təhsilini Ordubad mədrəsəsində alır. Ancaq həyat erkən çağlardan Məmmədi sınağa çəkir. Altı yaşı olanda atası, səkkiz yaşında isə anası vəfat edir. O, bacısı Tərlanla nənəsi Gülsümün himayəsində qalır. Quraqlıq və aclıq üzündən 1919-cu ildə Ordubadda vəba xəstəliyi baş qaldırır və uşaqlar nənələrini də bu xəstəlikdən itirirlər. 11 yaşlı Məmməd mədrəsə təhsilini yarımçıq qoyur, rayonun Vələver kəndində qoyun-quzu otarır.

   1923-cü ildə Ordubada qayıdaraq İpək fabrikində usta şagirdi kimi işə düzəlir. Tiflisdə çap olunanYeni fikir” qəzetinə yazılar göndərir. “Ordubad klubunun halı” adlı ilk məqaləsi 1924-cü ildə bu qəzetdə dərc olunur. Mətbuatda çıxışına görə fabrik rəhbərliyinin zəmanəti ilə 2 il dövlət hesabına Ordubadda açılan Kəndli-gənclər məktəbində təhsil alır. 1927-ci ildə Naxçıvan Pedaqoji Texnikumuna qəbul olunur. Tələbə ikən “Şərq qapısı”, “Kommunist”, “Yeni yol” qəzetləri və “Molla Nəsrəddin” məcmuəsi ilə əməkdaşlıq edir.

   1929-cu ildə təhsilini başa vurur, “Kəndli qəzeti”nin baş redaktoru Hüseyn Eldarovun dəvəti ilə Bakıya gəlir. Qəzetdə ədəbi işçi və şöbə müdiri vəzifəsində çalışır. Bir müddət sonraKommunist” qəzeti redaksiyasına dəyişilir. Bakı neftçilərinin həyatından bəhs edən maraqlı oçerkləri işıq üzü görür. 1930-cu ildən başlayaraq hekayələri “İnqilab və mədəniyyət”, “Hücum” jurnallarında dərc olunur. İlk oçerklər və hekayələr kitabı 1932-ci ildə “Şamdan” adı ilə “Azərnəşr” tərəfindən nəşr etdirilir.

   Araşdırmalarda qeyd olunur ki, 1941-ci ildə II Dünya müharibəsinin şiddətli çağlarında bir qrup yazıçı ilə birlikdə Məmməd Əkbər də səfərbərliyə alınıb sovet ordusunun tərkibində hərbi müxbir kimi İrana gedir. Rəşt şəhərində “Qırmızı əsgər” qəzetində çalışır, oçerklər qələmə alır. Azərbaycan KP MK-nın sərəncamı ilə 1942-ci ildə hərbi müxbir kimi Rostov, DonbasVoroşilovqrad cəbhələrində olur. Əsgərlərimizin rəşadətini, vətənpərvərlik ruhunu əks etdirən silsilə oçerk və hekayələr yazır. 1943-cü ilin oktyabrında Xalq şairi Səməd Vurğun başda olmaqla 8 nəfərlik yazıçılar heyətinin tərkibində Mozdok şəhərindəki 416-cı Taqanroq diviziyasına ezam olunur. O, bir ay müddətində cəbhə təəssüratı, şahidi olduğu canlı döyüş səhnələrini əks etdirən nümunələr üzərində işləyir.

   Rəvan, şirin üslublu yazıçı hansı janramövzuya müraciət edibsə, öz dəst-xəttini yaradıb. Onun hekayə və oçerklərində incə bir yumor müşahidə olunur. Müəllifin “Məstəli” hekayəsinin daim sərxoş olan qəhrəmanı deyir: “Maaşdan başqa ayda on manatlıq da butulka satıram, yenə də dolana bilmirəm”. Oxucu bu dialoqa izah istəmir. Çünki hər şey başa düşüləndir. “Yadigar” hekayəsində isə müharibənin ağır fəsadları, arxa cəbhədə iztirab çəkən, məhrumiyyətlərə sinə gərən, ancaq ləyaqətini qoruyan evdar azərbaycanlı qadınlardan bəhs olunur. Yazıçının bütün oçerk və hekayələrində həyat həqiqətləri, gerçək xalq məişəti lövhələri çox inandırıcı təsvir olunub.

   M.Əkbər 1944-1959-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib vəzifəsinə irəli çəkilir. Bu illər ərzində onun “Sumqayıtın gənc qurucuları”, “Həyatımızdan səhifələr”, “Qaliblər”, “Dostlar və tanışlar” adlı oçerk və hekayələrdən ibarət kitabları işıq üzü görür. Yazıçı həm də tərcüməçiliklə məşğul olub, Çinbolqar müəlliflərinin hekayələrini dilimizə çevirib. Bu tərcümələr sonra kitab halında çapdan çıxıb. O, 1938-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunub.

   Yazıçılıq və jurnalistlik fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilən M.Əkbər “Qafqazın müdafiəsi uğrunda” və “1941-1945-ci il Vətən müharibəsi illərində əmək şücətinə görə” medalları ilə təltif olunub. Yazıçı-publisist 10 dekabr 1974-cü ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 9 may.- S.13.