İnsan qəlbinin nurunu dünyaya bəxş edən Taqor

 

 

   Mayın 5-də Azərbaycan Dillər Universitetində böyük hind yazıçısı, şair, rəssam, ictimai xadimNobel mükafatı laureatı Rabindranat Taqorun anadan olmasının 156-cı ildönümü ilə əlaqədar maraqlı tədbir keçirildi. Tədbir Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutdu.

   Hind adət-ənənəsinə uyğun olaraq, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, Hindistanın ölkəmizdəki müvəqqəti işlər vəkili Norbu Negi, bu ölkənin səfirinin xanımı Barbara Rana böyük mütəfəkkirin xatirəsinə hörmət əlaməti olaraq çıraq yandırdılar.

   Professor Əfqan Abdullayev qonaqları və tədbir iştirakçılarını salamlayaraq, Taqor dühasının işığına yığışdıqları üçün onlara minnətdarlığını bildirdi, böyük ədibi eyni zamanda ölkəsinin vətənpərvəri və xalqını çox sevən şəxsiyyət kimi dəyərləndirdi. Vurğulandı ki, "Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı" deyən Taqor öz milləti və ölkəsi barədə ilginc bilgiləri öz əsərlərində dünyaya çatdırıb. Nobel laureatı ilk qeyri-avropalı kimi adı tarixə düşən R.Taqor 1913-cü ildə "Gitancali" ("Qurbanlıq nəğmələri") şeir silsiləsinə görə bu mükafata layiq görülüb.

   Hindistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Norbu Negi qonaqları salamlayaraq tədbirin təşkilinə görə səfirlik adından təşəkkür etdi. Diplomat Rabindranat Taqorun həyat və fəaliyyəti barədə danışaraq, onun dünya miqyasında üç ölkənin himninin müəllifi olan yeganə şəxs olduğunu da xatırlatdı. Onun təkcə Hindistanın deyil, bütün bəşəriyyətin azadlığının müdafiəsinə qalxdığını xatırladan N.Negi yazıçının daxili inanc və həmrəylik hisslərindən ruhlanaraq öz həyat fəaliyyətində din, irqdil hüdudlarını aşdığını dedi.

   Tədbirin bədii hissəsində Dillər Universitetinin tələbələri, Bakıda yaşayan hindli gənclər və uşaqlar Rabindranat Taqorun şeirlərini söyləyib, hind mahnı və rəqslərini ifa etdilər. Sonda böyük yazıçının doğum gününə yığışan tədbir iştirakçıları zəngin hind mədəniyyətinin daha bir qanadı ilə - hind kulinariyası ilə tanış oldular.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 9 may.- S.15.