Üzeyir məktəbinin layiqli davamçısı

 

 

   Muzeydə AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə ilə görüş keçirilib

  

   Mayın 11-də Ü.Hacıbəylinin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirildi.

   Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq bildirdi ki, muzeyimizdə görkəmli rəssam Vəcihə Səmədovanın “Ü.Hacıbəyli və tələbələr” adlı bir əsəri var: “Hər dəfə bu əsəri görəndə düşünürəm ki, biz hamımız dahi bəstəkarın tələbələriyik. Bu gün “Müasirlərimizlə görüş” silsilə tədbirləri çərçivəsində Ü.Hacıbəyli məktəbinin layiqli davamçısı Firəngiz Əlizadə ilə görüşə toplaşmışıq”.

   Sonra o, görkəmli sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq və istedadlı nümayəndələrindən biridir, gözəl bəstəkar, virtuoz pianoçu, dərin düşüncəli nəzəriyyəçi, təcrübəli pedaqoqictimai xadim kimi nəinki öz doğma vətənində, həmçinin ondan çox-çox uzaqlarda şöhrət qazanmış sənətkardır. Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edir.

   Firəngiz Əlizadənin Fransa və Almaniyanın böyük konsert salonlarında səsləndirilən əsərlərinin video-klipi göstərildi.

   AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxışında Firəngiz Əlizadəni akademiyanın müxbir üzvü seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu seçimlə çox şad olduq. Görkəmli sənətkarın qarşıdan ad günü gəldiyini xatırladan R.Əliyev ona yeni-yeni nailiyyətlər arzu etdi.

   Professor Telman Ağdamski qeyd etdi ki, Azərbaycanın ictimai fikir, sənət tarixində elə sənətkarlar var ki, onların əsərləri Azərbaycan hüdudlarını aşaraq dünyaya yayılıb. Həmin sənətkarlardan biri də Firəngiz Əlizadədir. Bu görkəmli sənətkarımızı təbrik ediryeni-yeni uğurlar arzu edirəm.

   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Milli Konservatoriyanın professoru Akif Quliyev və başqaları çıxış edərək Firəngiz Əlizadənin yaradıcılıq yolundan, musiqi mədəniyyətinə verdiyi töhfələrdən söz açdılar. Qeyd etdilər ki, F.Əlizadənin minlərlə insanın qəlbini fəth edən və məhz milli qaynaqlardan, xalq musiqisinin dərin qatlarından qidalanan əsərləri artıq dünya musiqi xəzinəsinin sərvətinə çevrilib.

   Çıxışlardan sonra F.Əlizadənin “Eşq havası” və simli kvartet üçün yazdığı “Muğamsayağı” əsərləri səsləndirildi.

  

   Savalan

 

Mədəniyyət.- 2017.- 12 may.- S.4.