Mədəniyyət ocaqlarında ulu öndərin xatirəsi yad edilib

 

 

   Mayın 10-da Heydər Əliyev Sarayında ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ümummilli liderin daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma Azərbaycanın dövlət kimi zamanın ağır sınaqlarından çıxmasında xüsusi rolu vurğulanıb. Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xidmətlərindən söz açılıb.

   * * *

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub. Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, kafedra müdirləri - Xalq artisti, professor Xuraman Qasımova, filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxış edərək ümummilli liderin həyatından, onun hər zaman musiqi xadimlərinə verdiyi dəyərdən danışıb, xatirələrini bölüşüblər.

   * * *

   Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbi ilə birgə təşkil etdiyi konsert təqdim olunub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova Heydər Əliyevin sənətkarlara, musiqiçilərə və xüsusilə, uşaqlara olan diqqət və qayğısından danışıb.

   Konsertdə gənc istedadların ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.

   * * *

   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə ümummilli liderin xatirəsinə həsr olunmuş tələbələrin elmi-ifaçılıq konfransının yekun konserti olub.

   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açılış nitqi söyləyib. Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ellada Hüseynova, İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva çıxış edərək, tələbələri diplomlarla təltif ediblər. Sonra tələbələr Azərbaycan, rusAvropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

   * * *

   Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında, dünya arenasında tanınmasında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən danışıb. Vurğulanıb ki, mədəniyyət və incəsənətə daim xüsusi diqqət göstərmiş ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

   Çıxışdan sonra teatrda yeni bir tamaşanın məşqlərinə start verilib. İngilis yazıçısı Conatan SviftinQulliver Cırtdanlar ölkəsində” əsərini gənc rejissor Elşad Rəhimzadə səhnələşdirir. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Əməkdar artist Sənan Hüseynli, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərinin mövsümün sonunadək təhvil veriləcəyi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2017.- 12 may.- S.6.